"Dövlət sektorunun təşkilatları üzrə maliyyə hesabatlarının tərtibi üçün görülən işlər gücləndirilməlidir"
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, dövlət sektorunun təşkilatları üzrə maliyyə hesabatlarının müvafiq çərçivələrə uyğun tərtibi üçün görülən işlər gücləndirilməlidir: "Qurum səviyyəsində konsolidə edilmiş maliyyə hesabatları üzrə ilk dəfə apardığımız auditlər bu sahədə problemlərin olduğunu göstərir. Problemlər həm hüquqi bazadan, həm də peşəkar potensial boşluqların olmasından irəli gəlir.
Bu baxımdan, müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, mühasibat uçotunun, eləcə də maliyyə hesabatlılığının unifikasiyasını və cari monitorinqini təmin edəcək rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, həmçinin dövlət qurumlarında daxili audit funksiyasının yaradılması və inkişaf etdirilməsi üzrə tədbirlərin gücləndirilməsini məqsədəuyğun hesab edirik".