Xəbər verildiyi kimi, iyulun 18-də prezident İlham Əliyevin sərəncamı ilə Elçin Əmirbəyov dövlət başçısının xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin olunub - SƏRƏNCAMLAR
Prezident Penitensiar xidmətin rəhbərini işdən azad etdi - YENİ TƏYİNAT - SƏRƏNCAMLAR
Maliyyə Monitorinqi Xidmətinə sədr müavini təyin edildi - PREZİDENTDƏN SƏRƏNCAM - DOSYE
“Azərsun Holdinq”ə yeni baş inzibatçı - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, son dövrlər Elçin Əmirbəyovu Qarabağ danışıqlarında Azərbaycan nümayəndə heyətinin daimi üzvlərindən birinə çevrilib. Ümumilikdə isə prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin byöük diplomatik təcrübəsi var.
Elçin Oktyabr oğlu Əmirbəyov 1972-ci ildə Bakı şəhərində anadan olub, 1988-də Bakıda 164 nömrəli orta təhsil məktəbi qızıl medalla, 1992-ci ildə isə Azərbaycan Dillər Universitetinin ingilis-fransız tərcüməçilik fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Elçin Əmirbəyov əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində referent-tərcüməçi qismində başlamışdır.
1992–1993-cü illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsinin attaşesi və daha sonra üçüncü katibi vəzifələrində çalışmışdır.
1993-cü ildə o, Fransada Paris Beynəlxalq Dövlət İdarəçiliyi İnstitutunda diplomatik təhsilini almışdır. Daha sonra 1994-cü ildə Almaniyanın Oberammerqau şəhərində NATO Məktəbində (NATO School) və İtaliyanın Roma şəhərində NATO-nun Müdafiə Kollecində (NATO Defense College) xüsusi təlimlər keçmişdir.
1995–1997-ci illərdə o, Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində ikinci katib olaraq fəaliyyət göstərmişdir.
İlk uzunmüddətli xarici ezamiyyətdən Xarici İşlər Nazirliyinə geri döndükdən sonra o, ardıcıl olaraq 1998-ci ildə Beynəlxalq təşkilatlar İdarəsində birinci katib vəzifəsində, 1999-cu ildə həmin İdarənin Regional və beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
2000-ci ildə o, ABŞ-də Harvard Universitetinin Kennedy adına İdarəçilik Məktəbində (John F. Kennedy School of Government) beynəlxalq və milli təhlükəsizlik üzrə xüsusi kursu bitirmişdir. 2001–2003-cü illərdə Brüsseldə (Belçika Krallığı) Azərbaycan Respublikasının NATO-dakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışmışdır.
2003–2004-cü illərdə Nyu-Yorkda (ABŞ) Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində müşavir olaraq çalışmışdır.
2004-cü ildən 2010-cu ilədək Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi kimi fəaliyyət göstərmiş, 2005–2010-cu illərdə həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrini icra etmişdir.
Cenevrədə çalışdığı zaman o, 2008–2009 illərdə BMT-nin İnsan Hüquqları Şurasının Vitse-prezidenti və eyni zamanda məruzəçi qismində fəaliyyət göstərmişdir. O, həmçinin 2007-ci ildə BMT-nin Cenevrədəki Ofisində İslam Əməkdaşlıq Təşkilatının (IKT) üzv-dövlətlərinin səfirlər qrupuna bir il ərzində sədrlik etmişdir. Bundan əlavə, 2008-ci ildə səfir Elçin Əmirbəyov BMT-nin Cenevrədəki Ofisində Şərqi Avropa regional qrupuna daxil olan üzv-dövlətlərinin səfirlər qrupuna sədrlik etmişdir.
Bununla yanaşı, 2005–2017-ci illərdə Azərbaycanın Müqəddəs Taxt-Tacda ilk səfiri qismində çalışmışdır. Vatikanda çalışdığı zaman 2008-ci ildə Roma Papası Onaltıncı Benedikt (Pope Benedict XVİ) tərəfindən Müqəddəs Gregori ordeni ilə təltif edilmişdir. Həmçinin, o, 2006–2010-cu illərdə Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra etmişdir.
E.Əmirbəyov 6 yanvar 2010-cu ildən 23 iyun 2017-ci ilədək Azərbaycan Respublikasının Fransa Respublikasında və eyni zamanda, Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərmişdir.
Elçin Əmirbəyov 2004-cü ildən fövqəladə və səlahiyyətli səfir diplomatik ranqına malikdir.
24 iyun 2017-ci ildən 18 iyul 2023-cü illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.
18 iyul 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
İngilis, fransız və rus dillərini bilir.