Xəbər verildiyi kimi, martın 3-də Qazax rayonunda yeni əhəng zavodunun açılışında prezident İlham Əliyev də iştirak edib.
Eləcə də bax: «İranda karyer almışıq, 4 ölkədə zavod tikirik» - AZƏRBAYCAN ŞİRKƏTİ
FED.az bildirir ki, tədbirdə dövlət başçısı iş adamları ilə bağlı bir sıra mesajlar verib. Zavodun sahibi olan «Mətanət A» şirkətini təbrik edən dövlət başçısı, bununla yanaşı xatırladıb ki, əvvəl şirkətin planları başa idi: «Artıq bir neçə zavod fəaliyyətdədir. Mənim də tövsiyəm o idi ki, bütün sərmayələr Azərbaycana qoyulsun, sizin başqa planlarınız var idi. Mən sizin fəaliyyətinizlə mütəmadi surətdə tanış oluram. Çünki yeni açılan sənaye müəssisələrinin hər biri çox önəmlidir, xüsusilə o müəssisələr ki, daxili tələbatı ödəyir və eyni zamanda, ixracyönümlü məhsullar buraxır. Ona görə mən eşidəndə ki, sizin xarici ölkələrə investisiya planlarınız var, dedim ki, buna etiraz etmirəm. Çünki indi Azərbaycanın həm özəl, həm dövlət şirkətləri xaricə də sərmayə qoyur. Ancaq, ilk növbədə, Azərbaycanda müəssisələrin yaradılması məqsədəuyğundur ki, iş yerləri açılsın, yerli istehsal inkişaf etsin, idxaldan asılılıq azalsın, ixracyönümlü məhsullar ortaya çıxsın və bu da ölkəmizə valyuta gətirsin».
Xatırladaq ki, bir qədər əvvəl «Mətanət A» İrana sərmayə qoymaq v bu ölkədə zavod açmaq istəyirdi. «Mətanət A»nın rəhbəri Elxan Bəşirov FED.az-a bildirmişdi ki, şirkət İranda 4 zavod açmağı planlaşırır, hətta bunun üçün torpaq da alıb.
Amma sonradan ABŞ-ın İrana sanksiyalar tətbiq etməsi vəziyyəti dəyişib və şirkət bu planlarını təxirə salmalı olub.