Özünəməxsus inkişaf modeli ilə tanınan Azərbaycan, idarəetmə və əhaliyə dövlət xidmətləri göstərilməsi sahəsində də effektiv və çoxşaxəli islahatlar həyata keçirərək, konseptual yeniliklərin müəllifi olub. Belə unikal təşəbbüslərdən biri “ASAN xidmət” konsepsiyasıdır. Bununla da dövlət orqanları tərəfindən xidmətlər göstərilməsində vətəndaş məmnunluğunun və şəffaflığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu – vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması ideyalarını rəhbər tutan yeni xidmət modeli yaradılıb və bu model özünü uğurla doğruldub.
FED.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” mövzusunda keçirilən beynəlxalq forumun iştirakçılarına müraciətində yer alıb.
Qazanılan uğurları diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, “ASAN xidmət” təcrübəsi artıq bir sıra ölkələrdə tətbiq olunur. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət xidmətləri mükafatına, 2019-cu ildə isə Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülən “ASAN xidmət” Azərbaycan brendinə çevrilib. “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” yaradılıb, ICESCO-ya üzv olan dövlətlərdə və Afrika ölkələrində dövlət xidmətləri sahəsində müvafiq beynəlxalq təşkilatlarla birgə ASAN mükafatları təsis olunub.
“BMT-nin İnsan Hüquqları Şurası “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə qəbul edərək, beynəlxalq təşkilatları “ASAN xidmət”in uğurlu təcrübəsini təşviq etməyə çağırmışdır”, -deyə müraciətdə vurğulanır.