«Xoşbəxt müəllimlə biz 25 ildir ki, bir-birimizi tanıyırıq. Bütün dövrlərdə bizim çox sıx səmimi yoldaşlıq münasibətlərimiz olubdur. Biz yol yoldaşı olmuşuq və 1994-cü ilin yay aylarında “Əsrin kontraktı”nın hazırlanması üçün son danışıqlar prosesində iştirak etmişik».
Eləcə də bax: «İndi çıxarılan neftin - 75-80%-İ AZƏRBAYCANA ÇATIR»
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirib.
Dövlət başçısı bildirib ki, həmin vaxt Azərbaycan nümayəndə heyəti danışıqların aparıldığı ABŞ-ın Hyuston şəhərində bir aydan çox qalıb: «O vaxt biz bir ailə kimi idik. Yadınızdadır, biz “Apart” otelində qalırdıq, orada mətbəx var idi. Yumşaq desək, otelin yeməklərindən bir qədər yorulmuşduq. Ona görə Mehriban xanımdan xahiş edirdik bizə yemək bişirirdi, qonaq edirdi. Bu, unudulmaz günlərdir və biz bu günləri həmişə xatırlayırıq. Onu da bildirməliyəm ki, Xoşbəxt müəllimlə biz Dövlət Neft Şirkətində qonşu olmuşuq, qapımız bir-birinin yanında idi. İkimizin bir qəbul otağımız var idi və hər gün görüşürdük. Mən bir çox şeyləri Xoşbəxt müəllimdən öyrəndim.
Hələ o vaxt Neft Şirkətində işlədiyim dövrdə və ondan sonra bir çox hallarda görürdüm ki, Xoşbəxt müəllim nə qədər bilikli adamdır. Onu da bilirdim ki, ulu öndər Heydər Əliyev Xoşbəxt müəllimə, onun sözünə çox inanırdı. Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir».