Hazırda «Əsrin müqaviləsi» çərçivəsində çıxarılan mənfəət neftinin 75-80%-i Azərbaycana çatır.
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirib.
Dövlət başçısı bildirib ki, o, Xoşbəxt Yusifzadə ilə «Əsrin müqaviləsi»nin şərtləri üzrə uzunmüddətli danışıqlarda iştirak edib. Həmin danışıqlar çətin keçsə də, Azərbaycan üçün məqbul şərtlər əldə etməyə nail olunub. Həmin şərtlər pay bölgüsündə əks olunub və nəticədə indi müqavilə çərçivəsində çıxarılan mənfəət neftinin 75-80%-i Azərbaycana çatır:
«Xoşbəxt müəllimlə biz 25 ildir ki, bir-birimizi tanıyırıq. Bütün dövrlərdə bizim çox sıx səmimi yoldaşlıq münasibətlərimiz olubdur. Biz yol yoldaşı olmuşuq və 1994-cü ilin yay aylarında “Əsrin kontraktı”nın hazırlanması üçün son danışıqlar prosesində iştirak etmişik.
Amerikanın Hyuston şəhərində bir aydan çox qalmışdıq. Danışıqlar çox gərgin keçirdi, bir çox problemlər var idi. Hər iki tərəf istəyirdi ki, özü üçün ən məqbul şərtləri əldə etsin. Nəticə etibarilə biz hesab edirəm ki, çox məqbul kompromisə gələrək, Azərbaycan üçün ən gözəl şərtləri əldə etdik. O şərtlər bugünkü pay bölgüsündə öz əksini tapıb. Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır. Baxmayaraq ki, Azərbaycan yatağın işlənməsinə vəsait qoymayıb. O vaxt biz müqaviləyə belə bir maddə saldıq ki, vaxt keçdikcə işləyən insanların ən azı 90 faizi Azərbaycan vətəndaşları olmalıdır, buna da nail olduq. Bu da kadr hazırlığı deməkdir. Bu gün yaxşı təlim keçmiş kadrlar müxtəlif ölkələrdə işləyirlər, bizdə işləyirlər. Ona görə unudulmaz Hyuston mərhələsi, əlbəttə ki, çox önəmli idi. Çünki biz qayıdandan sonra bir ay keçməmiş kontrakt imzalandı və beləliklə, inkişafımızın yeni səhifəsi açıldı».