FED.az xəbər verir ki, Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti ilə də tanış olub.
Eləcə də bax: Nazirlik: yeni bazada 14 min boş iş yeri haqqında - MƏLUMAT VAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Türkiyə Respublikası Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş olub.
Nümayəndə heyəti Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin Sosial Müdafiə Qurumunun sədri Dr. Mehmet Selim Bağlı, Qurumun Pensiya Xidmətləri Baş İdarəsinin müdiri İsmail Yılmaz, Ümumi Tibbi Sığorta Baş İdarəsinin müdir müavini Emre Aydın və Qurumun mütəxəssisi Onur Öztürk, Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin Xarici əlaqələr baş idarəsinin mütəxəssisi Dr. Selim Dağlıoğludan ibarət olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları, ölkəmizin dayanıqlı inkişafı şəraitində sosial sahədə əldə edilən irəliləyişlər barədə məlumat verib. Azərbaycanda aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayan nazir müavini əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları qeyd edib. 2019-cu ildə reallaşdırılan sosial paketlərin sosial ödənişlərin, əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artırılmasını təmin etdiyini və 4,2 milyon insanın həyatına mühüm sosial dəstək olduğunu deyib.
A.Kərimov əmək, məşğulluq, sosial təminat sistemlərinin müasir texnologiyalar üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə şəffaf və operativ təşkili sahəsində əldə olunan innovativ təcrübələri diqqətə çatdırıb. Cari ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış təyinatı mexanizminə keçildiyini və bu proaktiv xidmətin digər sosial təminat növləri üzrə də tətbiqinin genişlənməkdə olduğunu, artıq müavinətlər sahəsində yeni elektron təyinat təcrübələrinin də formalaşdığını bildirib.
Nazir müavini pensiya təminatı, əlillik, reabilitasiya sahələrində davam edən islahatları qeyd edib. Əmək bazarının tənzimlənməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətlərində görülən kompleks tədbirlər, idarəçilik mexanizmlərinin optimallaşdırılması üçün aparılan işlər barədə məlumat verib. O, sosial cəhətdən həssas qruplar üçün inklüziv əmək bazarının inkişafı tədbirlərindən, özünüməşğulluq və digər aktiv məşğulluq layihələrindən bəhs edib. O, qardaş Türkiyə ilə digər sahələrdə olduğu kimi, sosial sahədə də əməkdaşlıq əlaqələrinin ildən-ilə genişləndiyini vurğulayıb.
Dr. M.S.Bağlı və nümayəndə heyətinin digər üzvləri Azərbaycanda dayanıqlı inkişaf proseslərinin, sosial sahədə mühüm addımların atılmasının, müasir iş təcrübələrinin formalaşdırılmasının şahidi olmaqdan məmnunluqlarını qeyd ediblər. Qonaqlar DOST layihəsi, elektron xidmətlərin sosial sahədə geniş tətbiqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər tədbirlər barədə müsbət təəssüratlarını bölüşüblər.
Görüş zamanı hər iki ölkədə sosial sahədə, o cümlədən sosial müdafiə sisteminin gücləndirilməsi və innovativ yanaşmalar üzərində qurulması istiqamətində aparılan islahatlar, aktiv sosial dəstək tədbirlərinin genişləndirilməsi məqsədilə görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlığın, qarşılıqlı maraq doğuran fəaliyyət sahələri üzrə təcrübə mübadilələrinin miqyasının daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda da görüş keçirib, Fondun fəaliyyəti, buradakı müasir Qəbul Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar.