Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Eləcə də bax: Milli Məclis Fransaya etiraz etmək üçün - İşçi Qrup Yaratdı
FED.az xəbər verir ki, iclasda çıxış edən spiker Sahibə Qafarova Fransa senatında qəbul edilən qətnaməyə münasibət bildirib.
O qeyd edib ki, ötən gün Senatda çirkin siyasi aksiya təşkil edilib və təxribat xarakterli qətnamə qəbul edilib: “Xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa çalışılıb. Bununla bağlı Milli Məclis ciddi bir bəyanat qəbul etməlidir”.
Ardınca qətnaməylə bağlı müzakirələrə başlanılıb.
Deputat Azay Quliyev bildirib ki, qətnamə siyasi korrupsiyanın bariz nümunəsi hesab edilməlidir: “Dünyada indiyə kimi belə bir absurd qətnamə qəbul olunmayıb. Qətnamə işğaldan azad edilən torpaqların yenidən işğalçıya qaytarılmasını tələb edir. Həmçinin Türkiyəyə qarşı da əsassız iddialarla çıxış edir. Qətnamə ləğv olunana kimi biz Fransanın ATƏT-in həmsədri kimi qalmasından imtina etməliyik. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Fransayla diplomatik əlaqələrə yenidən baxılmalıdır. Həmçinin parlamentin Fransa ilə İşçi Qrupunun fəaliyyəti dayandırılmalıdır”. (Qafqazinfo)