Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsini və Türkmənistan qazının Xəzərin bu tərəfinə çatdırılmasını nəzərdə tutan «Transxəzər» boru kəməri layihəsi martın 13-də Berlində prezident İlham Əliyevin almaniyalı iş adamları ilə görüşündə də qaldırılıb.
«Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur» – İLHAM ƏLİYEV
«Bu, sadəcə, dövlət vəsaitinin oğurlanması deyildi, məqsədyönlü təxribat idi» – PREZİDENT AÇIQLADI
Görüşdə «Edison Technologies and Engineering Group»un baş icraçı direktoru Edison Kasapoğlu prezidentdən bu layihənin taleyi və perspetivləri barədə soruşub: «Cənab Prezident, Rusiya prezidenti Putin Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşmanı təsdiqlədikdən sonra biz 2018-ci ilin avqustunda “Erlikid”, “Sinopec Engineering” və “Manesman” şirkətləri ilə Türkmənistandan Azərbaycan vasitəsilə Avropaya çəkiləcək qaz boru kəməri üzərində işləməyə başladıq. İşlər müəyyən dərəcəyə qədər icra olundu. Lakin əfsuslar olsun ki, biz növbəti mərhələyə çıxa bilmədik».
İş adamı İlham Əliyevə «Transxəzər» layihəsinin yenidən yenidən bərpa olunmasını soruşub – layihə bərpa oluna bilərmi?
Cavabında dövlət başısı bildirib ki, Azərbaycandan qazın Avropaya nəqli ilə bağlı böyük işlər həyata keçirilir, «Transxəzər» layihəsi uzun illər müzakirə olunub, tikilsə Azərbaycana gəlir gətirəcək, amma bu – Azərbaycanın layihəsi deyil və ondan asılı deyil:
«Transxəzər boru kəməri ilə bağlı sualına gəldikdə bildirməliyəm ki, Transxəzər boru kəməri uzun illər müzakirə olunub. Mən ən azından onun on il müzakirə olunduğunu xatırlayıram. O, müzakirə olunan müddətdə biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərini, Cənub Qaz Dəhlizini inşa etdik və Avropaya yaşıl enerji ötürən xətti çəkəcəyik və hələ də Transxəzər boru kəməri müzakirə olunacaq. Bax, vəziyyət belədir».
Prezident qeyd edib ki, Azərbaycanın təşəbbüskarı olduğu bütün layihələr artıq ya tamamlanıb, ya da şübhəsiz uğurlu olacaqdır: «Transxəzər bizim layihəmiz deyil. Transxəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz, o cümlədən mən, dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq».
İndiyədək layihənin necə maliyyələşdiriləcəyi məlum deyil: « Məndə olan məlumata görə bu məsələnin indiyədək öz həllini tapmamasının səbəbi odur ki, maliyyələşmənin mənbəyi hələ də müəyyən olunmayıb. 30 milyard kubmetr həcmində olan boru kəmərinin tikintisinin yükünü kimin daşıması aydın deyil. Bu, müəyyən Avropa şirkətləri olacaq, yoxsa vəsait Avropa İttifaqı tərəfindən ayrılacaq, bunun üçün layihə ortaq maraqlar layihələri sırasına daxil edilməlidir. Mən bildiyimə görə bu belə deyil və bunun Türkmənistan hökumətinin olub-olmamasını da biz bilmirik. Buna görə bu, birinci sualdır, bu layihə üçün ödənişi kim edəcək?
İkinci sual isə ondan ibarətdir ki, yaxşı, layihəni kimin maliyyələşdirdiyi müəyyən edildikdən sonra layihə Azərbaycana gələcək və oradan hara gedəcək? Çünki bizdə-TANAP-da indi boş qalan tutumumuz yoxdur. Biz yeni kompressor stansiyaları tikməklə TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirəcəyik və boru Azərbaycan qazı ilə tam dolu olacaqdır. Bu isə o deməkdir ki, potensial kəmər olan Transxəzər boru kəməri Azərbaycana gəldikdən sonra kimsə Azərbaycandan Avropaya başqa bir boru kəmərini tikməlidir.
Bu şirkətin kim olduğu yaxşı sualdır. Mən bu məsələyə skeptisizmlə yanaşmıram. Mən hər şeyi real qiymətləndirirəm. Yenə də deyirəm, bu, bizim layihəmiz deyil. Kimsə onu tikməyi qərarlaşdırarsa biz buna çox şad olarıq, çünki biz tranzitdən pul qazanacağıq, Şərqdə və Qərbdə olan qonşularımıza yaxşı xidmət göstərmiş olacağıq».