FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı “ODDO BHF” maliyyə qrupunun baş regional meneceri Yevgeni Epifanovun müraciətinə cavab olaraq deyib.
Prezident iş adamına bildirib ki, bir neçə il əvvəl Azərbaycanın bank sektorunda olduqca ciddi problemlər olub: «Onlardan biri Azərbaycan Beynəlxalq Bankı ilə bağlı idi ki, bu, az qala Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi. Bu, məqsədyönlü təxribat idi və sadəcə, dövlət vəsaitinin oğurlanması deyildi. Bu, Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi. Bizim bunun arxasında kimlərin dayanması ilə bağlı müəyyən mənada təsəvvürümüz var».
Dövlət başçısı bildirib ki, artıq bu problemlər geridə qalıb: Burada böyük təmizləmə işləri aparıldı və zənnimcə, nəhayət ki, prosesin sonuna çatmışıq. Beləliklə, Azərbaycanın bank sektoru heç vaxt olmadığı qədər sağlamdır».
Doğrudan da, FED.az-ın məlumatına görə, hazırda Azərbaycan Beynəlxalq Bankı ölkənin bank sektorunun lideri olmaqla yanaşı, böyük gəlirlə işləyən maliyyə qurumuna çevrilib. Hazırda bankın işi elə effektli qurulub ki, vaxtilə onu özəlləşdirmək istəyən hökumət artıq bu fikrindən daşınıb.
«Mərkəzi Bankdan mənə verilən əlavə məlumata görə, hələ də müəyyən həll edilməli məsələlər var. Lakin əminəm ki, tezliklə Azərbaycanın bank sistemi regionun ən şəffaf və səmərəlilərindən biri olacaq».