Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun Şuşa şəhərində Mərkəzi Bankın nümayəndəliyinin açılması ilə bağlı açıqlamasını pisləyib.
Eləcə də bax: Mərkəzi Bank Şuşada - Nümayəndəlik Açacaq
FED.az xəbər verir ki, prezident Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirib ki, belə bəyanatlar özbaşınalıqdır.
«Mərkəzi Bankın sədri təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin açılacağını bildirib və bu məsələyə münasibətinizi öyrənmək istəyərdik» sualına prezident belə cavab verib:
«Mənim buna münasibətim mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın.
Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir.
Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır.
Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır».