Nazirlər Kabineti “Ərzaq balansının tərtib olunması Qaydası” təsdiq edib.
Eləcə də bax: Azərbaycanda bütün əsas ərzaq və qeyri-ərzaq malları/xidmətlər bahalaşıb – SİYAHI
FED.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Həmçinin qərarla “Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.
Ərzaq balansının tərkibinə daxil olan məhsullar
Ərzaq balansının hesabat ili üçün göstəriciləri aşağıdakı məhsul növləri üzrə tərtib olunur:
Buğda, sair dənlilər, dənli paxlalılar, un, çörək və çörək məmulatları, düyü, yarmalar, makaron məmulatları, kartof, soğan, sair tərəvəzlər, bostan məhsulları, meyvə və giləmeyvələr, ət və ət məhsulları, süd və süd məhsulları, pendir, yumurta, balıq və balıq məhsulları, bitki yağları, marqarin, kərə yağı, meyvə və tərəvəz konservləri, şəkər, qənnadı məmulatları, çay, duz.
İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri aşağıdakı məhsul növləri üzrə aparılır:
Buğda, sair dənlilər, un, kartof, soğan, meyvə və giləmeyvələr, ət və ət məhsulları, quş əti və məhsulları, süd və süd məhsulları, yumurta.
Qərarla ərzaq balansının tərtib olunması qaydası yeni tələblərə uyğunlaşdırılıb və tədbirlər planı üzrə ərzaq balansının tərtib olunması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub. Həmçinin beynəlxalq təcrübə əsasında ərzaq balansının hesablanması metodologiyasının, istehsal, idxal və ixrac olunan buğdanın təyinatı və siniflər üzrə bölgüsü barədə dəqiq məlumatları əldə etmək məqsədilə mövcud təsnifat sistemlərinin təkmilləşdirilməsi, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” vasitəsilə buğdanın istehsalı və anbar qalıqları barədə məlumatların dəqiqləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Bununla da ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində istifadə olunan məlumatların keyfiyyətinin daha da artırılması hesabına ərzaq məhsullarının istehsalı və təchizatı ilə bağlı effektiv qərarların qəbul edilməsinə imkan yaradacaqdır.