Dövlət Gömrük Komitəsi özəl sektoru və ictimai təşkilatlar komitənin fəaliyyətini monitorinq etməyə dəvət edib. FED.az xəbər verir ki, bu təklif iyunun 1-də Komitə sədri Səfər Mehdiyevin Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") icraçı direktoru Natəvan Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.
Eləcə də bax: Xaricdən gətirilən malların - DAŞINMA XƏRCLƏRİ ARTDI
Səfər Mehdiyev bildirib ki, hazırda xarici iqtisadi fəaliyyət iştirakçıları gömrükdə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edə bilərlər. Gömrük rəsmiləşməsinin asanlaşması və şəffaflığı artırmaq üçün isə informasiya texnologiyalarından daha geniş istifadə edilir. Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin sayı da artırılıb.
DGK sədri bildirib ki, Gömrük Xidməti ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektləri ilə hər zaman qarşılıqlı əməkdaşlığa hazırdır.
Eləcə də bax: Gömrükçülər biznesmenlərə SMS göndərməyə başlayıblar
Səfər Mehdiyev onu da bildirib ki, hazırda gömrük işinin bütün istiqamətlərdə beynəlxalq standartlara uyğun aparılmasına, eləcə də gömrük xidmətinin səmərəliyinin artırılmasına səy göstərilir. DGK rəhbərliyinin gömrük işinin təşkilində tam şəffaflığın təmin edilməsində maraqlı olduğunu vurğulayan komitə sədri, Azərbaycan gömrüyündə istər AmCham üzvü olan, istərsə də digər konsaltinq şirkətlərinin müvafiq monitorinq apara biləcəklərini diqqətə çatdırıb.
Səfər Mehdiyev qeyd edib ki, aparılan maarifləndirmə işinə baxmayaraq, hələ də qaçaqmalçılıq və ya qanunsuz yollarla ölkə ərazisinə mal keçirilməsinə dair çoxsaylı cəhdlər, eləcə də idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması halları müşahidə edilir. Belə halların qarşısının alınması üçün müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.
AmCham-ın icraçı direktoru Natəvan Məmmədova Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığa çox böyük önəm verdiklərini deyib, bu əlaqələrin dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb. İcraçı direktor təmsil etdiyi qurumda gömrük-biznes əməkdaşlığının genişləndirilməsində Dövlət Gömrük Komitəsinin səylərinin yüksək dəyərləndirildiyini nəzərə çatdırıb.
Dövlət Gömrük Komitəsinin gömrük hüquqpozmalarına, eyni zamanda, kontrafakt və saxta malların qaçaqmalçılığına qarşı mübarizədə prinsipial mövqeyindən razılığını da ifadə edən Natəvan Məmmədova bu problemin həllində bütün aidiyyəti orqanların birgə fəaliyyətinin zəruri olduğunu söyləyib. Azərbaycanda Amerika Ticarət Palatasının bu və digər sahələrdə Dövlət Gömrük Komitəsinə dəstək verməyə hazır olduğu da diqqətə çatdırılıb.