Dekabrın 2-də GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında 4-cü birgə iclası keçirilib.
Eləcə də bax: “Ordu missiyasını yerinə yetirdi, sıra iqtisadiyyatdadır”
FED.az xəbər verir ki, onlayn iclasda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Nəsib Məhəməliyev, Əli Məsimli, Cavid Osmanov və Qüdrət Həsənquliyev iştirak ediblər.
Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev gündəliyin ikinci məsələsi – “GUAM məkanında ərazi münaqişələrinin həllinin hüquqi aspektləri” mövzusunda çıxış edib. Bildirib ki, bu ilin 27 sentyabr-10 noyabr tarixlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin növbəti aktiv dövrünün şahidi olduq. Hansı ki, Azərbaycanın tam qələbəsi ilə bitdi. Ermənistan öz üzərinə işğal etdiyi qalan ərazilərin də təhvil verilməsi öhdəliyini götürdü. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında bəyanat imzalandı. Bu sənədə uyğun olaraq Ermənistan 30 ilə yaxın qanunsuz yaşadıqları Ağdam, Kəlbəcər və Laçın rayonlarını da Azərbaycana təhvil verdi. Azərbaycan münaqişədən əvvəl orada yaşamış və qeydiyyatı olmayan erməni əhalinin çıxarılmasına təkid etmədi və onları öz vətəndaşları sayaraq orada qalıb yaşamalarına etiraz etmir. Hazırda razılaşmanın digər mərhələsinin icrası üçün azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır. Onlar Ermənistanın aqressiyası nəticəsində öz torpaqlarını tərk etmək məcburiyyətində qalmış və öz ölkələrində məcburi köçkün olmuşdular.
Bu il sentyabrın 27-də hərbi əməliyyatların yenidən başlaması barədə danışan E. Allahverdiyev bildirib ki, buna Ermənistan rəhbərliyinin məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranışları səbəb olub.
Sonra tədbirdə GUAM-a üzv olan dövlətlərdə ərazi münaqişələri və onların siyasi nəticələri, Üzv dövlətlər arasında ticari-iqtisadi əlaqələrin inkişafında perspektivlər və imkanlar, GUAM məkanında azad ticarət zonalarının inkişafı, Üzv ölkələrdə nəqliyyat dəhlizinin inkişafı və logistik ünsiyyətin yaxşılaşdırılması, Gömrük sahəsində əməkdaşlıq, Quruma üzv ölkələrdə COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyət nəzərə alınmaqla elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanları mövzularında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib. (Qafqazinfo)