Xəbər verildiyi kimi, Saatlı rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov dövlət başçısının sərəncamı ilə işdən azad edilib.
Eləcə də bax: İlham Əliyev generalı işdən çıxartdı - SƏRƏNCAM
FED.az-ın məlumatına görə, icra başçısı rayonda cəmi 1 il, hətta bir ildən də bir gün az müddətdə işləyib. Belə ki, o bu vəzifəyə 1 il əvvəl - 17 may 2019-cu ildə təyin edilmişdi.
Eləcə də bax: İcra başçısının taleyi – RAYONUN İQTİSADİ GÖSTƏRİCİLƏRİNDƏN - ASILI OLACAQ
FED.az RENKİNQ-in məlumatına görə, Saatlı əksər iqtisadi göstəricilərinə əsasən, ortadan aşağı yerləri tutan rayondur və son bir ildə vəziyyətdə ciddi dəyişiklik olmayıb. Bununla yanaşı, 2019-cu ilin nəticələrinə görə, rayonda iqtisadi artım olub, halbuki 2018-də 3% azalma olmuşdu.
2019-cu ilin nəticələrinə görə, Saatlının iqtisadiyyatının ümumi həcmi 286 milyon 338 min manat təşkil edir, adambaşına düşən ÜDM
2 640 manatdır. Saatlı rayonu ötən ili 7,4% iqtisadi artımla başa vurub. Bu göstəriciyə görə, rayon ölkə üzrə 25-ci yerdədir.
Saatlı rayon ölkənin ən kasıb bölgələrindən biridir. 2019-cu ildə rayona cəmi 10,7 milyon manat investisiya yatırılıb, adambaşına investisiyanın həcmi cəmi 98 manat təşkil edir ki, bu da işğal altında olan Cəbrayıl və Ağdam rayonlarından sonra ölkədə 3-cü ən pis göstəricidir.
Müqayisə üçün bildirək ki, qonşu Sabirabad rayonunda adambaşına düşən investisiya həcmi 6 dəfə artıq - 527 manatdır.
Rayonda aparılan tikintinin həcminə görə Saatlı ölkədə 49-cu yeri tutur. 2019-cu ildə rayonda cəmi 5 milyon manatlıq tikinti işlər görülüb.
Hər min nəfərə düşən işçi sayına görə də rayon ölkədə 49-cu yeri tutur – 86 nəfər.
Adambaşına düşən orta aylıq əmək haqqının məbləğinə görə isə Saatlı ölkədə 53-cü yeri tuturdu – 365 manat.