Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin plenar iclasında çıxış edib.
FED.az xəbər verir ki, çıxışda dövlət maliyyəsinin idarəedilməsi ilə bağlı bəzi məqamlara toxunulub və tövsiyələr səsləndirilib.
Palata Sədri bildirib ki, layihəyə rəylərin verilməsi zamanı ali audit orqanlarının xüsusi əhəmiyyət verdiyi məqamlardan biri də fiskal çərçivəyə əməl olunmanın qiymətləndirilməsidir: "Bu baxımdan rəydə büdcə qaydasına uyğunluğu qiymətləndirmişik. Büdcə siyasətinin həyata keçirilməsi üçün makrofiskal çərçivəni xarakterizə edən büdcə qaydasının hər iki hədəfi 2024-cü ilin proqnozlarında gözlənilmib".
Vüqar Gülməmmədov həmçinin bildirib ki, aparılan qiymətləndirmələr göstərir ki, büdcə qaydasına riayət edilmə bir sıra faktorların kəsirə artırıcı təsirləri şəraitində təmin olunub: "Əsas borc ödənişlərinin xərc komponentinə yenidən qaytarılması, məqsədli büdcə fondlarının qalıq vəsaitinin gəlir komponentindən çıxarılaraq kəsirin maliyyələşdirilməsinə, neft sektoru üzrə dividendlərin neft gəlirlərinə aid edilməsi baza kəsirinə azaldıcı təsir edib. Hədəflərə əhəmiyyətli müsbətyönlü töhfəni isə 2 amil (qeyri-neft gəlirlərinin və qeyri-neft ÜDM-in artımı) ötürüb".