"Yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək".
Eləcə də bax: "Ən böyük kabus sərhədlərimizin xaricində - GƏRGİNLİYİN ARTMASI OLARDI"
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında iştirakı zamanı moderatorun suallarını cavablandırarkən deyib.
Prezident İlham Əliyev bildirib: "Hesab edirəm ki, əvvəllər biz əsasən infrastruktur layihələrinə sərmayə yatırmışıq. Buna görə yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm. Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin, bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir. Əlbəttə ki, inflyasiyanın keçən il olduğu kimi 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanılması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır".