Yanvarın 22-də Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib.
Eləcə də bax: “Əhalinin etibar etdiyi adamlar…” - PREZİDENT SEÇKİLƏRDƏN DANIŞDI
FED.az xəbər ki, dövlətimizin başçısı panelin moderatorunun suallarını cavablandırıb.
Prezident Əliyev moderatorun “Sizin region üçün ən parlaq ümidiniz və ən pis kabusunuz nədir?” sualına belə cavab verib:
"Mən düşünürəm ki, xüsusən regional vəziyyəti və yeni yaranmaqda olan münaqişə zonalarını nəzərə alaraq hazırda ən vacib olan məsələ regional sabitlikdir. Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq".
Moderatoun ,"Baş qaldırmasından daha çox narahat olduğunuz gərginliklər hansılardır?" sualına da Prezident İlham Əliyev cavab verib:
"Bilirsiniz, biz bu gərginlikləri sərhədlərimizin yaxınlığında görürük. Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük. Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur".
Moderator: Mən oxumuşam ki, indi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?
Prezident İlham Əliyev: Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.