“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti QSC rəhbəri Cavid Qurbanov haqqında yayıılan məlumatlara münasibət bildirib.
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumatda bildirilir ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir:
"Hazırda dövlət strukturlarında qətiyyətli islahatlara start verən dövlət başçısı əsaslı kadr islahatları aparır ki, bu da cəmiyyətimiz tərəfindən maraq və razılıqla qarşılanır. Çox təəssüf ki, bu addımlara bəzi mətbu orqanlarında yersiz münasibətlər ortaya qoyulur. Adı heç bir dəyişiklikdə nəzərdə tutulmayan kadrların işgüzar imicinə müdaxilələr olur. Hətta bu sırada son günlər bəzi saytlarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun da adı hallandırılır. Məlumat üçün bildirim ki, bu şayiələr özündə heç bir həqiqəti əks etdirmir. Belə məlumatı yayanlar isə insanlar arasında məqsədli şəkildə çaşqınlıq yaradırlar. Ölkəmizdə söz, mətbuat azadlığı üçün yaradılan şəraitdən sui istifadə etmək heç bir KİV-in adına hörmət gətirməz.
Eləcə də bax: Nazirlər Kabinetinin yeni tərkibi - SİYAHI
Əvvəla onu qeyd edim ki, Cavid Qurbanov Dövlət başçısının etimadı ilə 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nə rəhbər təyin olunub və burada əsaslı islahatlar aparılmasına, iş əmsalının artmasına, bu məsuliyyətli sahənin imicinin möhkəmlənməsinə nail olub. O ki, qaldı Cavid Qurbanovun hansısa başqa vəzifəyə təyin olunmasına, bu, ölkə başçısının səlahiyyətinə daxil olan məsələdir və kimlərinsə bu haqda fikir yürütməsi doğru deyil", - deyə məlumatda bildirilir.
Eləcə də bax: Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR
Xatırladaq ki, son günlər hakimiyyətdə baş verən kadr və struktur dəyişiklikləri fonunda Cavid Qurbanovun da vəzifəsinin dəyişdiriləcəyi və onun Bakı meri təyin ediləcəyi bildirilir. İndiyədək Bakı meri vəzifəsini tutan Hacıbala Abutalıbov isə baş nazirin müavinlərindən biri təyin edilib.
Eləcə də bax: Bakı meri də dəyişir – TƏYİNAT