Xəbər verildiyi kimi, martın 13-də prezident İlham Əliyev, Berlində Almaniyalı iş adamları ilə geniş görüş keçirib. Görüşdə iş adamları dövlət başçısına bir sıra maraqlı təkliflər veriblər.
«Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur» – İLHAM ƏLİYEV
«Alçıpan ehtiyatlarımız qurtarıb, Azərbaycandan bizə dəstək lazımdır» - PREZİDENTLƏ XARICI İŞ ADAMININ DİALOQU
FED.az-ın məlumatına görə, belə təkliflərdən birini «Edison Technologies and Engineering Group»un baş icraçı direktoru Edison Kasapoğlu səsləndirib:
«İki həftə əvvəl Özbəkistandan nümayəndə heyətini qəbul etdik. Onların, həmçinin günəş panelləri, iri həcmdə enerji istehsalı, günəş enerjisi ilə bağlı böyük planları var. Cənab Prezident, Siz də bunu əvvəldə qeyd etdiniz. Mühəndis şirkəti kimi biz günəş panellərinin istehsalı ilə bağlı işlərə hələ 2014-cü ildə başlamışıq və günəş enerjisi bazarında fəaliyyət göstəririk. Hazırda görürük ki, indi günəş panellərinin 95 faizi Çin təchizatından asılıdır.
Həmin mono və ya polikristala əsaslanan panellərin istehsalı, əslində, 85 faiz enerji tələb edir. Bu isə günəş panellərinin istehsal xərclərini açıq-aydın göstərir. Əsas xərclər məhz istehsal prosesində kremniyin istifadəsi ilə bağlıdır. Biz bunu “kvarts kremniy” adlandırırıq. Biz ondan ərinti alaraq günəş panellərinin daxili hissələrini hazırlayırıq. Sonra isə həmin panellər günəş enerjisini verir. Bu, istehsalın son mərhələsidir».
İş adamı günəş paneli istehsalının Azərbaycanda qurulmasını təklif edib, bildirib ki, belə olsa Azərbaycan onu xaricə də ixrac edə biləcək: «Cənab Prezident. Bizdə texnologiya var, konsorsium qurmuşuq. Ölkəniz üçün maraqlı layihə ola bilər ki, biz günəş paneli çərçivəsini istehsal edən xətti işə salaq. Bu, enerjiyə çox qənaət edən xətt olacaq. Belə olan halda, günəş panellərini bütün dünyaya sata bilərsiniz».
Cavabında prezident bu təşəbbüsə müsbət yanaşdığını və Azərbaycanın bu sahə ilə bağlı planlarının olduğunu bildirib: «Bizdə günəş və küləkdən enerjinin əldə edilməsi ilə bağlı potensialın xəritəsi var. Bununla məşğul olan hökumət orqanı Energetika Nazirliyidir və bu nazirliyin bir hissəsi olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyidir. Düşünürəm ki, əgər marağınız varsa bizim iqtisadiyyat naziri sizi əlaqə məlumatı ilə, Azərbaycana gəlmək, Azərbaycanda biznesə başlamaqla bağlı məlumatla təmin edə bilər».
Dövlət başçısı bildirib ki, bu sahədə şirkətlərdə işləməyə şad olardı: «Çünki dediyim kimi böyük proses olacaq, böyük inkişaf olacaq. Bizim günəş elektrik stansiyalarında istifadə olunacaq günəş panellərinin əksəriyyəti Çində istehsal edilən panellərdir. Onlar yaxşı keyfiyyətə malikdir və əlçatan qiymətə satılır. Bildiyimə görə Avropa istehsalı, yumşaq desək, bir az bahadır. Lakin işçi qüvvəsinin qiymətini, enerji qiymətini və yerli tələbatı nəzərə alaraq Azərbaycanda birgə istehsalat təşkil etsək hesab edirəm ki, bu, rəqabətli ola bilər».