Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-4-cü maddəsinə əsasən, həmin Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumundan toplanılan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.
FED.az xəbər verir ki, bu Qayda avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumundan toplanılan və Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən Nazirliyin işçilərinin social müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin texniki baxış stansiyalarının saxlanılmasını təmin etmək məqsədilə istifadə qaydasını müəyyən edir.
Xüsusi vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılır. Nazirliyin xüsusi xəzinə hesabına daxil olan vəsaitdən Nazirliyin işçiləri üçün müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 2 misli həcmindən çox ğolmamaqla, hər ay onlara mükafat ödənilir. Qalan vəsait isə Nazirliyin texniki baxış stansiyalarının saxlanılmasına, o cümlədən yeni texniki baxış stansiyalarının tikintisinə, təmirinə və avadanlıqlarla təchiz edilməsinə xərclənir. Xüsusi vəsaitin Nazirliyin işçiləri arasında bölgüsü Daxili İşlər nazirinin əmri əsasında daxil olmuş vəsait nəzərə alınmaqla işçilərin aylıq vəzifə maaşlarının 2 mislindən çox olmamaqla fərdi mükafatlandırma qaydasında həyata keçirilir. Xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınır. Mükafat aşağıdakı günlər üçün hesablanmır:
- işçinin əmək məzuniyyətində olduğu günlər, əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;
- işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.
Mükafat Nazirliyin işçilərinin aylıq vəzifə maaşına əlavə olunmaqla, hər ay üçün növbəti ayın 20-dək ödənilir. Xüsusi vəsaitin istifadəsinə nəzarət Nazirlik və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Xüsusi vəsaitdən istifadə olunmasına dair hesabat Nazirlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə əsasən hazırlanır və Maliyyə Nazirliyinə təqdim edilir. Mükafatdan fiziki şəxslərin gəlir vergisi, məcburi dövlət social sığorta haqqı və işsizlikdən sosial sığorta haqqı Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarına uyğun olaraq tutulur. Xüsusi vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.
"apa"