Oktyabrın 4-də keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub.
Ağdamda “City Hotel Agdam” mehmanxanası - İNŞA EDİLİR
FED.az xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Qarabağda işğaldan azad edilmiş ərazilərdə prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Təməli qoyulan yaşayış məhəlləsinin salınması üçün 6,9 hektar torpaq sahəsi ayrılıb. Ərazi şəhərin şimal-şərqində yerləşir. Şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnib. Həmçinin “İmarət” adlanan tarixi ərazi də məhəllənin yaxınlığındadır.
Qeyd edildi ki, layihə üzrə yaşayış binaları 4-7 mərtəbəli olacaq. Burada 1139 mənzil inşa ediləcək. Yaşayış məhəlləsində 3068 nəfər məskunlaşdırılacaq. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.
Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoydu.