Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkədə nəhəng marketlər şəbəkəsinə malik olan “Bic Camera Inc” şirkətinin rəhbərliyi ilə görüşüb.
Eləcə də bax: Çinlilər canlı yayımda Azərbaycan şərablarının - DADINA BAXIBLAR
FED.az xəbər verir ki, görüş zamanı G.İsmayılzadə Azərbaycanın hazırki iqtisadi vəziyyəti, son illər Prezidenti İlham Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətlər, iqtisadi sahədə görülən işlər və islahatlar haqqında geniş məlumat verib. Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edən səfir, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcud olduğunu da bildirib. Qeyd edib ki, kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin artırılması hər iki tərəf üçün faydalı ola bilər.
Qonağa Azərbaycanda şərabçılıq mədəniyyəti, ölkəmizin istehsal etdiyi şərablar və digər spirtli və alkoqolsuz içkilər haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, cari il iyulun 23-dən başlayaraq “Bic Camera Inc” şirkətinin əksər mağazalarında Azərbaycanın İsmayıllı rayonunda istehsal edilən şərabların satışına başlanılıb.
Səfir Azərbaycan şərablarının Yaponiyada satışına yaradılan şəraitə görə şirkətin rəhbərliyinə təşəkkürünü bildirib.
“Bic Camera Inc” şirkətinin prezidenti Hiroyuki Miyacima Azərbaycana səfəri çərçivəsində ölkəmizdə istehsal olunan şərablarla şəxsən tanış olduğunu vurğulayıb. Məhz bu səfərdən sonra Azərbaycan şərablarının Yaponiya bazarına çıxarılması barədə razılığın əldə edildiyini deyib. Bildirib ki, gələcəkdə Azərbaycan istehsalı olan şərabların Yaponiya bazarında həcmini artırmaq niyyətindədir.
G.İsmayılzadə Azərbaycan istehsalı olan digər məsulların “Bic Camera Inc” şirkətinin mağazalarında satılması üçün yüksək potensialın olduğunu bildirib.
Qeyd edək ki, “Bic Camera Inc” şirkəti elektronika avadanlığının, kosmetik vasitələrin, ərzaq məhsulları və spirtli içkilərin satışı üzrə Yaponiyada ən qabaqcıl yerlərdən birini tutur. Şirkətin Yaponiyada yüzlərlə marketi birləşdirən böyük şəbəkəsi var. Şirkətin illik dövriyyəsi 9 milyard ABŞ dollarına bərabərdir. (Azərtac)