“Medianın reklam gəlirləri kifayət qədər azdır. 2021-ci ildə medianın 42,3 mln. manatlıq gəliri olub”.
Deputatlar mediaya vergi güzəştlərinin 3 il deyil - 5 OLMASINI TƏKLİF EDİBLƏR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov bildirib.
Vüqar Bayramov deyib ki, bu gəlirlərin 36 mln. manatı televiziyanın payına düşür:
“İxtisaslaşmış medianın reklam gəlirləri kifayət qədər azdır. Yazılı və ixtisaslaşmış mediaya reklam verməyi təşviq etmək lazımdır. Vergi Məcəlləsində dəyişiklik edilərək reklam verən şirkətlərə güzəştlər tətbiq edilməsi və vergi güzəştlərinə baxılması lazımdır ki, bu, biznesi mediaya reklam verməyə təşviq etsin. Ötən il sosial media gəlirlərin əhəmiyyətli dərəcədə hissəsini götürüb. Azərbaycanda sosial medianın gəlirləri, yazılı mediadan daha çoxdur və olacaq da. Biznes sosial mediada reklam yerləşdirməkdə daha maraqlıdır, nəinki yazılı mediada. Buna görə də mediaya reklam verilməsinin təşviqi mühümdür. Vergidən azadolma ilə bağlı 3 il qısadır, 5 il daha məqsədəuyğun olardı. Bu məbləğ elə də böyük deyil. Məbləğ artsa belə, büdcədə elə böyük çəkiyə malik olmayacaq. Biznes təşviq olunmayıncaya qədər medianın gəlirlərində kəskin artımlar müşahidə olunmaya bilər”. (Apa)