Tanınmış istehsalçı və ixracatçı qısa müddətdə 150 min avroya yaxın (təxminən 300 min manat) cərimə ilə qarşı-qarşıya qalıb
Nizami rayon məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının protokolu əsasında “Veysəloğlu - Yaycılı Qardaşlar” MMC-ni (“Ulduz” Şokolad Fabriki) İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 48 min 128.60 Avro məbləğində cərimələyib.
FED.az xəbər verir ki, "Marja"nın əldə etdiyi məlumata görə, həmçinin bu ilin aprelində Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən “Veysəloğlu - Yaycılı Qardaşlar” MMC Nizami rayon məhkəməsinin qərarı ilə eyni maddə üzrə 111 min 150 Avro məbləğində cərimə edilmişdir.
Cərimələr ilə əlaqədar şirkətdən "Marja"ya bildirildi ki, valyuta qanunvericiliyində bir sıra boşluqlar və onun tətbiqi praktikasında qüsurlar Maliyyə Bazarlarına Nəzarət Palatasına ölkəyə mürəkkəb avadanlıqlar idxal edən sahibkarlara qarşı ciddi maliyyə sanksiyaları tətbiq etməyə əsas verir. Bu zaman Maliyyə Bazarlarına Nəzarət Palatası və məhkəmələr tərəfindən xətanın yaranmasına səbəb olmuş və təqsiri istisna edən hallar və sübutlar nəzərə alınmır.
Şirkətin rəyincə, hazırki valyuta qanunvericiliyi və onun tətbiqi təcrübəsi müasir günümüzdə sahibkarlığın inkişafı, investisiyaların, daxili istehsalın və ixracın təşviqi istiqamətində aparılan ümumi siyasətin məqsədlərinə və ruhuna uyğun gəlmir, bu istiqamətdə atılan addımlara ciddi maneəçilik yaradır.
Şirkətdən bildirildi ki, bu sahədə zəruri dəyişikliklərin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Milli Məclisə, İqtisadiyyat Nazirliyinə müraciətlər edilmişdir. Bu dəyişikliklər mümkün qədər tez edilməzsə ölkədə real iqtisadiyyatın və xüsusilə qeyri-neft sektorunun inkişafına ciddi əngəl yaranacaqdır.
Qeyd edək ki, “Veysəloğlu - Yaycılar Qardaşları” MMC ölkənin ən iri qənnadı müəssisəsi olmaqla yanaşı, həm də 20-dən çox ölkəyə müxtəlif qənnadı növləri ixrac etməkdədir.
Son dövlərdə Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bir çox şirkətləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndi ilə məsuliyyətə cəlb eləmiş, bu da sahibkarların haqlı narazılıqlarının artmasına və investisiyaların azalmasına səbəb olmuşdur.