Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq, vergi orqanına Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.
Eləcə də bax: Vergi və DSMF hesabatları birləşdirilir - NAZİRLİKDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin açıqlamasına görə, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasındakı məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir (VM, maddə 34.1-ci və 34.3). Bundan əlavə, Məcəllənin 34.7.2-ci maddəsində göstərilir ki, vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir.
Göründüyü kimi, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda Vergi Məcəlləsinin 34.3-cü və 34.7.2-ci maddələri ilə deyil, məhz 16.3-cü maddə ilə müəyyən edilmiş vəzifənin icra olunması məsələsi meydana çıxır. Başqa sözlə, Vergi Məcəlləsinin 34.3-cü və 34.7.2-ci maddələrində müəyyən edilmiş vəzifənin icrası vergi ödəyicisinin uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişikliyin baş verməsi ilə yaranır. Onu da qeyd edək ki, vergi ödəyicisinin uçota alınmaq üçün verdiyi ərizə formasında onun "aktiv" və ya "passiv" olmasına dair hər hansı məlumat nəzərdə tutulmur.
Vergi Məcəlləsində vergi orqanının öz təşəbbüsü ilə vergi ödəyicisinin fəaliyyətini dayandırmaq hüququnun olmadığını nəzərə alaraq, vergi ödəyicisinin müraciəti olmadan onun fəaliyyətinin birtərəfli dayandırılması yolverilməzdir. Belə hallara yol verməklə Vergi Məcəlləsinin tələblərini pozan vergi orqanının vəzifəli şəxsləri barəsində ciddi intizam tənbehi tətbiq ediləcəkdir.