Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Bakıda Yelo Bank ASC-nin yeni baş ofisinin rəsmi açılış mərasimi baş tutub. Tədbirdə Bankın bütün səhmdarları, Mərkəzi Bank rəhbərliyi, eləcə də digər rəsmi şəxslər iştirak edib.
Eləcə də bax: Azərbaycanlı milyardçı Bakıda "Yelo Bank"ın yeni - BAŞ OFİSİNİN AÇILIŞINDA
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, açılışda Rusiyada yaşayan azərbaycanlı iş adamı, “Lukoil” şirkətinin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov, həmçinin “ISR Holding” şirkətinin prezidenti, milyarder İskəndər Xəlilov qatılıb.
Qeyd edək ki, 71 yaşlı Vahid Ələkbərov “Forbes” jurnalının 2020-ci ildə aktiv satışından və yaxud dividendlərdən ən çox gəlir əldə edən Rusiya milyarderlərinin reytinqinə əsasən, 26,1 milyard dollar sərvətə sahibdir.
“Lukoil” prezidenti neft işini dünyanın bir çox ölkəsində genişləndirib. Şirkətin nümayəndəlikləri Rusiya, Belarus, Azərbaycan, Ukrayna, ABŞ və Bolqarıstanda fəaliyyət göstərir. Faydalı qazıntılar sahəsindəki uğurlu fəaliyyətinə görə milyarder dəfələrlə fəxri mükafatlarla təltif olunub, eyni zamanda dövlət mükafatlarına layiq görülüb.
Prezident İlham Əliyev 2020-ci ilin avqustunda Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Ələkbərovu “Dostluq” ordeni ilə təltif edib.
İş adamı Larisa Ələkbərova ilə evlidir. Cütlüyün Yusif adlı bir oğulları var.
İskəndər Xəlilovun isə 65 yaşı var. 1988-1991-ci illərdə “Lukoyl” şirkəti prezidentinin məsləhətçisi olub. 2003-cü ilin fevralından “Lukoyl” Oversiz Holdinq LTD”nin beynəlxalq fəaliyyət üzrə vitse-prezidenti işləyib.
2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
İ. Xəlilovun sərvəti milyardlarla ölçülür, lakin dəqiq rəsmi rəqəm açıqlanmır.
Xəlilovlar ailəsi Azərbaycan, Rusiya, Türkiyə və İsveçrədə fəaliyyət göstərən böyük “ISR Holding”ini idarə edir. Holdinq neft məhsullarının daşınması və ticarəti, yod istehsalı, avtomobil satışı, deviloper və otelçilik biznesi ilə məşğuldur.
İsgəndər Xəlilovun övladları Rauf və Rəhim Xəlilov qardaşları da ataları kimi bizneslə məşğuldurlar.