Avropa Birliyi Çinlə olan onlayn alış-verişə gömrük rüsumları tətbiq etmək qərarına gəlib.
Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi - 80% ARTIB
FED.az xəbər verir ki, Avropa Birliyi ölkələri 2026-cı il iyulun 1-dən etibarən Aİ xaricindəki ölkələrdən edilən 150 avrodan aşağı onlayn sifarişlərə 3 avro gömrük rüsumu tətbiq etmək qərarına gəliblər.
Avropa İttifaqı (Aİ) Şurası, üzv ölkələrin maliyyə nazirlərinin Brüsseldə keçirilən iclasından sonra Aİ xaricindən idxal edilən kiçik bağlamalarla bağlı qəbul edilmiş qərarları açıqlayıb.
Bəyanatda deyilir: "Aİ Şurası 2026-cı il iyulun 1-dən etibarən əsasən elektron ticarət yolu ilə Aİ-yə daxil olan 150 avrodan az dəyəri olan kiçik bağlamalara 3 avro məbləğində sabit gömrük rüsumu tətbiq etmək qərarına gəlib."
Bəyanatda qeyd olunur ki, mövcud sistemə əsasən, kiçik bağlamalar Aİ-yə rüsumsuz daxil olur. Bu isə Avropa daxilində satıcılar üçün ədalətsiz rəqabət yaradır, fırıldaqçılığı artırır, istehlakçılar üçün sağlamlıq və təhlükəsizlik riskləri yaradır.
Eyni zamanda bəyanatda - Avropada belə hallarda həvəslə istifadə olunan ekologiya mövzusundan da istifadə edilib. Bəyanatda bildiridir ki, internetlə alınan mallar ətraf mühitlə bağlı narahatlıqlar doğurur.
Yeni vergi yalnız 150 avrodan aşağı alışlara şamil olunsa da, məlum olub ki, xaricdən alınan malların əksəriyyətinə tətbiq olunacaq. Belə ki, alışların əksəriyyəti 150 avrodan aşağıdır. Beləliklə sözügedən gömrük rüsumu Aİ-yə edilən bütün elektron ticarət göndərişlərinin 93 faizini əhatə edəcək.
Bu müvəqqəti tədbir gömrük rüsumundan azadolma həddini tamamilə aradan qaldıran daimi razılaşma qüvvəyə minənə qədər qüvvədə qalacaq. Bəyanatda deyilir: "Bu zaman 150 avrodan aşağı bütün mallar fərdi məhsullar üçün normal Aİ tariflərinə uyğun olaraq gömrük rüsumlarına məruz qalacaq".
Hazırda Avropada AB xaricindən 150 avrodan aşağı məhsul sifarişləri gömrük rüsumlarından azaddır. Bildirilib ki, 2024-cü ildə AB ölkələrinə göndərilən 150 avrodan aşağı bütün elektron ticarət paketlərinin 91%-i Çindən gəlir.
Avropa Komissiyası uzun müddətdir ki, Çində yerləşən Temu və AliExpress onlayn alış-veriş platformaları, eləcə də Çində qurulan Shein elektron ticarət şirkəti vasitəsilə edilən alış-verişlərə yeni vergilər tətbiq etmək üzərində işləyir. Keçən il təxminən 2 milyard bağlama gömrük rüsumundan azad edilmə şərti ilə Aİ-yə daxil olub.











