Azərbaycanda biznesə dəstək məqsədilə biznes kreditlərində güzəştlərin edilməsi – o cümlədən kredit ödənişləri üçün vaxtın uzadılması müzakirə edilir.
FED.az xəbər verir ki, bu barədə ölkənin ən böyük korporativ bankı olan «Paşa Bank»ın rəhbəri Taleh Kazımov Haqqın.az saytına müsahibəsində bildirib.
Bank rəhbəri bildirib ki, ölkə iqtisadiyyatının bəzi sahələri koronavirusun mənfi təsirlərini hiss edirlər: «Paşa Bank» ölkənin ən böyük korporativ bankı olaraq Azərbaycan iqtisadiyyatının bütün sektorlarına xidmət edir və biz hazırkı dövrdə yerli sahibkarların üzləşdiyi mənfi təsirlərdən xəbərdarıq».
T.Kazımovun sözlərinə görə, hazırki vəziyyət bütün tərəflərə təsirini göstərir, ona görə də real sektorun dəstəklənməsi üçün tədbirlərin görülməsində bütün tərəflər maraqlıdır: «Bank sektorunun bütün təmsilçiləri bu məsələdə həmrəylik nümayiş etdirdilər və hazırda biz az qala hər gün İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası ilə birlikdə biznesə güzəşt, ödənişlərin təxirə salınması və digər mexanizmlər formasında dəstək verilməsi məsələlərini müzakirə edirik».
«Bu tədbirlər ən yaxın vaxtlarda təsdiqlənəcək və biz əminik ki, onların reallaşdırılması yerli sahibkarlara öz itkilərini minimuma endirməyə və böhrandan az itki ilə çıxmağa imkan verəcək» - deyə bank rəhbəri bildirib.
Xatırladaq ki, 2019-cu ilin nəticələrinə görə, «Paşa Bank»ın kredit portfeli 1 milyard 753,6 milyon manat təşkil edib. Və bank bu göstəriciyə görə, Azərbaycan Beynəlxalq Bankı və «Xalq Bank»dan sonra ölkə bankları arasında 3-cüdür (TAM SİHAHI).
Ötən il bank kredit portfelini 32,8% və ya 432,7 milyon manat artırıb. Və bu göstərici ilə ölkə bankları arasında faiz nisbəti üzrə 5-ci, artım məbləği üzrə isə 1-ci yeri tutur (TAM SİYAHI).
2019-cu ilin sonunda bankın aktivləri 4 milyard 767,5 milyon manat təşkil edib ki, bu da ölkə bankları arasında Azərbaycan Beynəlxalq Bankından sonra 2-ci göstəricidir (TAM SİYAHI).
Ötən il «Paşa Bank»ın aktivləri cəmi 1,5% artıb ki, bu da ölkənin 30 bankı arasında 19-cu göstəricidir (TAM SİYAHI).
2019-cu ilin nəticələrinə görə, «Paşa Bank»ın depozit portfelinin həcmi 3 milyard 585,5 milyon manat təşkil edib və bank bu göstərici ilə ölkə bankları arasında Azərbaycan Beynəlxalq Bankından sonra 2-ci yeri tutur (TAM SİYAHI).
Ötən il «Paşa Bank»ın depozit portfeli 8,6% və ya 337,8 milyon manat azalıb. Bank depozit portfelinin azalması sürətinə görə, Azərbayan bankları arasında 6-cı, məbləğə görə isə, birinci olub (TAM SİYAHI).