Azərbaycanın pərakəndə ticarət sektoruna yeni oyunçu daxil olmağa hazırlaşır.
FED.az xəbər verir ki, ölkənin tanınmış istehsalçı və distribüter şirkətlərindən olan «Avrora Qrup» şirkəti iri supermarketlər şəbəkəsi yaradaraq pərakəndə satış sektoruna daxil olacaq.
Yeni yaradılan «Tamstore» marketlər şəbəkəsi qısa vaxtda Bakının müxtəlif yerlərində fəaliyyətə başlayacaq.
«Tamstore»nin «super», «city» və «mini» formatlarında il sonuna kimi 20 mağazasının açılması planlaşdırılıb.
Qeyd edək ki, hazırda pərakəndə satış sektorunda çoxsaylı iri oyunçular var – bunlar «Araz Supermarket», «Oba», «BazarStore», «Bravo», «Rahat», «Grandmart», «Bolmart» və başqalarıdır.
«Tamstore» marketlər şəbəkəsi bu rəqabətdə özünə yer tutmağı və eyni zamanda bazarda digər supermarketlərlə rəqabətdə birinci olmağı qarşısına məqsəd qoyub.
Artıq yeni marketlər şəbəkəsi əməkdaşların yığılmasına başlayıb.
Şirkətdən verilən məlumata görə, ilkin olaraq mağaza heyətinin tam formalaşdırılması üçün satıcı, kassir, fəhlə, qəssab, mühafizəçi və paketləyici vakasiyaları üzrə işəqəbul prosesi keçiriləcək.
Karyerasını pərakəndə sektorunda qurmaq istəyənlər 14 noyabr 2023-cü il tarixində saat 10:00-dan etibarən Avrora MMC-nin mərkəzi ofisinə (Nərimanov rayonu, Aşıq Molla Cümə 46C) yaxınlaşa bilərlər. Şirkət il sonuna kimi 500-dən çox personalın işə götürülməsini planlaşdırıb.
Müsahibədən uğurla keçmiş namizədlər Bakı şəhərinin müxtəlif yerlərində yerləşən marketlərdə işlə təmin olunacaqlar. Mağazada 8 saatlıq növbəli iş qrafiki, bazar rəqabətli əməkhaqqı və nahar təmin ediləcək. Təcrübə tələb olunmur.
Karyerasını qurmaq və inkişaf etdirmək istəyənlər üçün “Tamstore” tam işləmək istədiyiniz yer olacaq! Müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsi və kişi namizədlər üçün hərbi biletin təqdim edilməsi vacibdir.