Ötən il istehsalı və satışının dayandırılması barədə xəbərlər yayılan “Səba” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı azaldılıb və qanuni təmsilçisi dəyişib.
“Səba” ASC şirkətlərinin nizamanamə kapitalındakı paylarını və əmlaklarını satır
FED.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 4,8 milyon manatdan 3,6 milyon manata endirib.
Beləliklə, son aylar ərzində “Səba”nın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb.
Eyni zamanda, ASC-nin qanuni təmsilçisi Elçin Akif oğlu Mehdiyev vəzifəsindən azad edilib və onun yerinə Vüqar Samir oğlu Baloğlanov təyin olunub.
Məlumat üçün bildirək ki, “Səba”nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı 432 268,60 manat təşkil edir.
Bu günlərdə “Səba” iyunun 30-u üçün səhmdarlarının növbəti ümumi yığıncağını çağırıb. Ümumi yığıncağın gündəliyinə bir sıra məsələlər daxil edilib. Bunlar “Səba”nın ötən il üçün illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi, “Səba”nın təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların və həmin törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması, həmin hüquqi şəxslər olan cəmiyyətlərin əmlaklarının əsas vəsaitlərinin və digər aktivlərinin satılması məsələləridir.
Xatırladaq ki, “Səba” 1997-ci ildə dövlət qeydiyyatına alınıb.
Uzun illərdir mətbuatda “Səba”nın Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznesinin tərkib hissəsi olduğu barədə məlumat dərc olunur. (İqtisadiyyat.az)