Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Tibb biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirilib.
FED.az xəbər verir ki, tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik yanında İctimai Şuranın yaradılmasının cəmiyyət-sahibkar-dövlət orqanları arasında səmərəli münasibətlərin qurulmasına verilən önəmin göstəricilərindən biri kimi dəyərləndirib, bir ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, İctimai Şuranın aktiv fəaliyyət göstərdiyini bildirib.
Eləcə də bax: Orxan Məmmədov: KOBİA xüsusilə qadın və əlil sahibkarlara - BÖYÜK DƏSTƏK GÖSTƏRİR
Tədbirin belə bir formatda təşkil olunmasında məqsəd sahibkarlar ilə dövlət orqanları arasında səmərəli əməkdaşlıq platformasını daha da genişləndirmək, bu sahədə mövcud çətinlikləri öyrənmək və həlli istiqamətində təkliflərin müzakirəsinə nail olmaqdır. Orxan Məmmədov özəl tibb biznesinin inkişafı istiqamətində bir neçə təkliflər də səsləndirib.
KOBİA rəhbərinin sözlərinə görə, tibb biznesi sektorunda da təşkilatlanmaya, aktiv ictimai birliklərin yaradılmasına ciddi ehtiyac var və KOBİA belə təşəbbüsləri dəstəkləməyə hazırdır. Bundan başqa, Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalı üzrə güzəştli fəaliyyət rejimi mövcuddur və sahibkarları bu imkandan yararlanmağa dəvət edirik. Bu yaxınlarda işə düşən daxili bazar araşdırmaları mexanizmi tibb biznesi və əczaçılıq sektorunda bazar araşdırmalarının aparılmasında da istifadə oluna bilər və KOBİA belə müraciətlər olduğu təqdirdə müvafiq qaydalara uyğun olaraq biznes subyektlərinə dəstək göstərə bilər - deyə Orxan Məmmədov bildirib.