Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycanlı İş Adamları Birliyi Gürcüstan (AZEBİ) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Eləcə də bax: ASK: Son 2 ildə ölkədə quş əti istehsalı azalıb - İdxal Kəskin Artıb
FED.az xəbər verir ki, konfederasiyadan bildirilib ki, memorandumu ASK-nın prezidenti Məmməd Musayev və AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov imzalayıblar.
Onlayn formatda keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, AZEBİ-də təmsil olunan iş adamları və ASK-nın icra aparatının əməkdaşları iştirak ediblər. F.Quliyev 44 gün davam edən Vətən müharibəsindəki şanlı Qələbə münasibətilə xalqımızı təbrik edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz böyük qəhrəmanlıqlar göstərib və Gürcüstanda yaşayan azərbaycanlılar həmin dövrdə soydaşları ilə həmrəylik nümayiş etdiriblər.
Səfir qeyd edib ki, Azərbaycan qonşu Gürcüstana 3,5 milyard dollar sərmayə yatırıb. Gürcüstanda Azərbaycan kapitallı 1000-dən çox şirkət qeydiyyatdan keçib. O, bu şirkətlərin AZEBİ ətrafında birləşərək təşkilatlanmasını aktivləşdirməyin, iş adamlarının qonşu ölkədə qarşılaşdıqları çətinliklər barədə vaxtında səfirliyə müraciət etməsinin əhəmiyyətini diqqətə çatdırıb.
ASK-nın prezidenti M.Musayev müstəqil Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu bildirib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalandığını vurğulayan M.Musayev yeni strateji dövrdə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafının prioritetlər sırasında olduğunu qeyd edib. Konfederasiyanın prezidenti, eyni zamanda, yaxın gələcəkdə Türkiyə, Gürcüstan və Azərbaycandakı iş adamlarının birlikdə biznes-forum keçirməsinin vacibliyi barədə təkliflərini səsləndirib.
Qeyd edək ki, AZEBİ təşkilatı Gürcüstan və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirmək, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı sahibkarların təşkilatlanması, üzvlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılıb.