Rusiyada Azərbaycan şərablarının marketinq kampaniyasının keçirilməsi planlaşdırılır.
Azərbaycanda ixrac üçün potensialı olan - 100-dən Çox Məhsul Müəyyənləşdirilib
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPOMO) icraçı direktoru Yusif Abdullayev deyib.
“AZPROMO və Kənd Təsərrüfatı Nazirliyi şərab bazarlarında araşdırma aparır. Biz bu il Rusiyada şərabların marketinq kampaniyasını keçirməyi planlaşdırırıq və bunun çox uğurlu olacağına ümid edirik”, - deyə o bildirib.
Abdullayev, həmçinin qeyd edib ki, bu il Azərbaycandan Türkiyəyə alkoqollu içkilərin ixrac kvotasının artırılması gözlənilir.
“Türkiyədə də şərabların marketinq kampaniyasının keçirilməsi planlaşdırılır. Bu cür kampaniyalar gələcəkdə Mərkəzi Asiya ölkələrində də təşkil olunacaq”, - deyə icraçı direktor əlavə edib.
Azərbaycan şərabının ixracı məsələsinə toxunan Abdullayev qeyd edib ki, 2022-ci ildə xarici bazarlara $6 milyon dəyərində şərab məhsulları ixrac edilib. “Bu, elə də çox deyil, ancaq bunun obyektiv səbəbləri var. Biz şərabın hazırlandığı texniki üzüm sortlarının, xüsusilə yerli sortların əkin sahələrini artırmalıyıq”, - deyə o vurğulayıb. (Marja)