Barbadoslu müğənni Rihanna rəsmi olaraq milyarder elan olunub.
Eləcə də bax: Dünyada 9 nəfər vaksin istehsalı hesabına - MİLYARDÇI OLUB - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, “Forbes” jurnalının məlumatına görə, 33 yaşlı müğənni son bir ildə sərvətini düz 1 milyard dollar artıraraq 1,7 milyard dollara çatdırmağı bacarıb.
Nəticədə indi Rihanna dünyanın ən zəngin qadın musiqiçisi olub. Ancaq məşhur müğənni bu gəlirinin çox hissəsini musiqidən yox, moda və kosmetika sektorunda fəaliyyət göstərən şirkətlərdən əldə edib.
Belə ki, Rihannanın sərvətinin 1,4 milyard dolları şəxsi kosmetika şirkəti olan «Fenty Beauty»dan əldə edilib. Bu şirkətin səhmlərinin yarısı Rihannaya, digər hissəsi isə Fransanın dəbdəbəli geyim və aksessuarlar istehsalçısı olan LVMH şirkətinə məxsusdur. Yeri gəlmişkən, LVMH-in sahibi olan fransalı milyardçı Bernard Arno hazırda dünyanın ən varlı adamıdır.
2020-ci ildə LVMH-in nümayəndələrinin tərtib etdiyi hesabatda bildirilir ki, Fenty Skin layihəsi «görünməmiş ajiotaja səbəb olub» və kosmetikanın aparıcı brendinə çevrilib. LVMH-in məlumatlarına görə, 2018-ci ildən bəri bu brendin gəlirləri 550 milyon dolları keçərək digər brendləri geridə qoyub.
Rihannının sərvətinin digər hissəsini isə «Savage x Fenty» brendi təşkil edir. Qiyməti 270 milyon dollar olan bu şirkət də şəriklidir və onun digər sahibi «TechStyle Fashion Group» şirkətidir.
«Siz Rihannaın musiqisini xoşlamaya bilərsiniz, amma onun moda və gözəllik sahəsində əsl trendlər yaratdığını nkar etmək olmaz» - deyə Bluestock Advisors konsaltinq şirkətinin sahibi Şennon Koyn bildirib.
Xatırladaq ki, “Forbes” jurnalı məşhur müğənnini 2019-cu ilin ən güclü 100 qadını siyahısına daxil etmişdir və elə həmin il Rihanna nəşr tərəfindən 600 milyon dollarlıq sərvəti ilə dünyanın ən varlı qadın ifaçısı seçilmişdir.
Rihannanın varlanmasında və onun kosmetika şirkətinin inkişafında müğənninin sosial şəbəkələrdəki reklamı da böyük rol oynayıb. Belə ki, Rihannanın Instagram-da 101 milyon, Twitter-də isə 102,5 milyon izləyicisi var.