Veysəloğlu Şirkətlər Qrupu Qarabağ müharibəsindən zərər çəkmiş ailələrə dəstəyini davam etdirir.
Eləcə də bax: Azərbaycanın böyük şirkətinin 637 əməkdaşı Qarabağda döyüşüb - 12 ŞƏHİD VERİB
FED.az xəbər verir ki, şirkətlər Qrupu və ona daxil “Veysəloğlu MMC”, “ARAZ” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “ULDUZ” şokolad fabriki tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna yardım məqsədilə 1 milyon manat vəsait ianə edilib.
Xatırladaq ki, Qarabağ uğrunda Vətən müharibəsi başlayandan Veysəloğlu Şirkətlər Qrupu dövlətimiz, xalqımız, ordumuz üçün bütün imkanlarını səfərbər edib və bir çox dəstək layihələri həyata keçirib.
Belə ki, Qrupa daxil olan şirkətlər tərəfindən müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsi və digər məqsədlər üçün yüzlərlə avtomobil şinləri, taxta paletlər, eyni zamanda hərbi səfərbərlik şəraitində istifadə edilməsi üçün onlarla nəqliyyat vasitəsi hərbi hissələrə və müvafiq dövlət strukturlarına təhvil verilib.
Şirkətlər Qrupu müharibədə zərərçəkmiş ailələrə dəstək vermək məqsədilə Ağcabədi və Bərdə rayonlarında təmas xəttində yaşayan mindən artıq ailəyə humanitar yardım göstərib.
Bundan öncə Şirkətlər Qrupu tərəfindən ordumuza dəstək çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürülüb.
Veysəloğlu Şirkətlər Qrupu ayrıca olaraq korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində ölkə üzrə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə dəstək məqsədilə həyata keçirdiyi çoxsaylı layihələrinin icrasını da davam etdirir.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun 637 əməkdaşı Qarabağ uğrunda 2-ci Vətən müharibəsində iştirak edib. Onlardan 12 nəfəri torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olub, 1 nəfər itkin düşüb.