Caspian Energy Club və Caspian Energy Türkiye-nin birgə təşkilatçılığı və SOCAR Türkiye-nin platin sponsorluğu ilə Azərbaycanın Ümümilli Lider Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində 30 aprel tarixində beynəlxalq "Caspian Energy Investment Forum Istanbul 2023" keçiriləcək.
"Caspian Energy Investment Forum Istanbul - 2023" - KEÇİRİLƏCƏK
FED.az xəbər verir ki, tədbirə rəsmi dəstək Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən göstərilir. Bu barədə Caspian Energy Türkiye-nin İdarə heyətinin sədri Süleyman Məcidli bildirib.
Beynəlxalq forumun əsas mövzuları qabaqcıl ölkələrin inkişaf modeli, orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli ölkələrin iqtisadi birliyi ilə əməkdaşlıq olacaq.
Süleyman Məcidlinin sözlərinə görə SOCAR Türkiye sözügedən proseslərin fəal iştirakçısıdır. "Son 15 ildə Türkiyəyə 18 milyard investisiya qoymuş Türkiyənin ən böyük xarici investoru və ən böyük sənaye holdinqinin bu tədbiri dəstəkləməsi vacibdir", - deyə Süleyman Məcidli bildirib.
"Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi forumun rəsmi tərəfdaşları olduğunu xüsusilə qeyd etmək istərdim. Fürsətdən istifadə edərək, mən Caspian Energy Club adından həm cənab səfir Rəşad Məmmədova, həm cənab səfir Cahit Bağcıya göstərdikləri dəstək və köməyə görə öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin, göstərilən etimad və etibar üçün Caspian Energy Club-ın İdarə heyətinə təşəkkür edirəm", - deyə Süleyman Məcidli vurğulayıb.
Həmçinin qardaş ölkə Türkiyənin aparıcı biznesmenlər klub və birlikləri, başda DEİK (Dış Ekonomik İlişkiler Kurulu), YASED (Uluslararası Yatırımcılar Derneği) və İSİFED (İstanbul Sanayiciler ve İş İnsanları Dernekleri Federasyonu) olmaqla tərkiblərində yerləşən şirkətlərin foruma cəlb edilməsinə, iqtisadi əlaqələrin güclənməsinə dəstək göstərirlər.
Qeyd edək ki, forumun əsas məqsədi regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Türkiyə iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticəsi, zəlzələdən zərərçəkmiş bölgələrə və digər regionlara investorların cəlb olunması, dövlət və özəl sektorda həyata keçirilən layihələri beynəlxalq arenada tanıtmaqdır. Hədəfimiz forum iştirakçıları üçün beynəlxalq səviyyədə şəbəkələşməyə şərait yaratmaqdır.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.