Bu ilin yanvar-mart aylarında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin“İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir.
Məlumata görə, gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 milyon dollar və ya 14,9 % azdır. Ölkələrin sayı isə 7 ölkə azalıb.
Birinci rübdə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin mart ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu da illik müqayisədə 4 ölkə və 0,4 milyon dollar (23,5%) azdır.
2025-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 890,3 min ABŞ dolları ilə Lüksemburq, 213,4 min ABŞ dolları ilə Nigeriya, 179 min ABŞ dolları ilə Misir və 174 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 47 ölkəsinə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
“Azərkosmos” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2024-cü ilin mart ayında isə “Azərkosmos” dünyanın 43 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. 2024-cü ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 966,8 min ABŞ dolları ilə Lüksemburq, 339,8 min ABŞ dolları ilə BƏƏ, 208,6 min ABŞ dolları ilə Pakistan və 197,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.