Azərbaycanın "Azərsun" holdinqi Özbəkistan bazarına daxil ola bilər.
Azərbaycan Özbəkistanla biznes əlaqələrinin yeni formatını müzakirə edib
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd İnvestisiya Forumu çərçivəsində keçirilən "Uğura aparan birgə yol: Özbəkistan və Azərbaycan" mövzusunda keçirilən panel müzakirəsində çıxışında deyib.
""Azərsun"un nümayəndələri ilə ünsiyyətdə olduq və zənn edirəm ki, onlar potensial investor qismində Özbəkistan bazarına daxil ola bilər", - o deyib.
Nazir Azərbaycan və Özbəkistan arasında reallaşdırılacaq bir sıra potensial investisiya layihəsinin adını çəkib.
"Özbəkistanda birgə investisiya fondumuz çərçivəsində tərəfdaşlığımıza imkan yaradan həmkarlarımıza minnətdarlıq etmək istərdim, biz bunu yüksək qiymətləndiririk. Dünən nəzarət komitəsinin ilk iclasını keçirdik. Müxtəlif sahələrdə 10-dan çox layihəni müzakirə etdik", - deyə nazir əlavə edib.
Qeyd edək ki, "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətlər qrupudur. Qurum qida istehsalı, kənd təsərrüfatı və qablaşdırma sektorunda 30-dan çox müəssisəni işə salıb. Şirkət 40-dan çox ölkəyə məhsul ixrac edir və Azərbaycanın yerli ərzaq bazarının tələbatının böyük hissəsini qarşılayır.
2024-cü ilin yanvar-mrt ayları ərzində Azərbaycan və Özbəkistan arasında əmtəə dövriyyəsi 142 milyon ABŞ dolları təşkil edib. İki ölkənin iqtisadiyyatı yaxın illərdə qarşılıqlı ticarətin 1 milyard dollara çatması üçün yetərincə potensiala malikdir. (Trend)