Onlayn ticarətdə dünya lideri olan Çin şirkəti "Alibaba", 2021-ci ilin ikinci rübündə 205,740 milyard yuan (təxminən 31,86 milyard dollar) gəlir əldə edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% çoxdur.
Eləcə də bax: “Alibaba”nın səhmləri rekord məbləğdə cərimədən sonra 8% bahalaşıb
FED.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında dərc edilmiş maliyyə hesabatından məlum olur.
Bu dövrdə səhmdarlara aid olan xalis gəlir 45,141 milyard yuan (təxminən 6,99 milyard dollar) təşkil edib. Bu ilin ilk rübündə şirkət 7.65 milyard yuan (təxminən 1.16 milyard dollar) xalis zərər açıqlamışdı. Zərər, antiinhisar qanunlarını pozduğuna görə Çinin tənzimləyici qurumu tərəfindən şirkətə tətbiq edilən 18.22 milyard yuan (təxminən 2.78 milyard dollar) məbləğində rekord cərimə ilə əlaqəli idi.
Bu ilin ikinci rübündə şirkətin bütün xidmətlərindən istifadə edənlərin ümumi sayı 1,18 milyarda çatıb ki, bu da 31 Mart tarixinə olan rəqəmlə müqayisədə 45 milyon çoxdur. Bunlardan 912 milyonu Çində, qalanları isə xaricdədir.
Əvvəlki maliyyə ilində şirkətin gəlirləri 41% artaraq 717 milyard yuan (təxminən 109,48 milyard dollar) təşkil etmişdi. Şirkətin yayımladığı bir hesabata görə, "Alibaba" bu il ümumi gəlirini 930 milyard yuan (143.9 milyard dollar) səviyyəsinə çatdırmaq niyyətindədir. (Marja)