Qarabağ bölgəsi müxtəlif sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, energetika sahəsində zəngin potensiala malikdir. Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) bu regionda biznes qurmaq istəyən şirkətlərdən 1100-dən çox müraciət daxil olub.
FED.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov avqustun 24-də Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasında deyib.
O.Məmmədov qeyd edib ki, onların arasında 65-ə yaxın müraciət Qazaxıstan şirkətlərinə aiddir.
"Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkətin qeydiyyatdan keçməsi, onların arasında Qazaxıstan kapitallı iki yüzdən çox şirkətin (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) olması buna sübutdur".
Eləcə də bax: Azərbaycanda fəaliyyət göstərən Qazaxıstan kapitallı şirkətlərin sayı - AÇIQLANIB
"Bu gün Agentlik və "QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzi SC arasında əməkdaşlıq sahələrini müəyyən edən Memorandum imzalanacaq ki, bu da ölkələrimizin biznes strukturları arasında əlaqələrin inkişafına töhfə verəcək"-deyə KOBİA rəhbəri bildirib.