Azərbaycanda vərəqə şüşə istehsal edən müəssisənin işə düşməsi ölkəni bu məhsulun idxalından azad edəcək.
İlham Əliyev məmurlara: «Kimsə özünü toxunulmaz hesab etməsin»
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev yanvarın 18-də Sumqayıt Kimya parkında iki şüşə zavoda ilə bağlı tədbirdə çıxış edərkən bildirib.
Xatırladaq ki, tədbirdə «Azərfloat» QSC-nin vərəqə şüşə istehsalı zavodu fəaliyyətə başlayıb. Eləcə də «Glassica» QSC-nin şüşə tara məhsullarının (butulka) istehsalı zavodlarının təməli qoyulub.
Prezident deyib ki, «Azərfloat» QSC-nin vərəqə şüşə istehsalı zavodunun təməl qoyma mərasimində 2017-ci ildə şəxsən iştirak edib və bu zavod ölkəyə vərəqə şühə idxalını dayandıracaq: «Şadam ki, artıq 100 milyon avro dəyərində bu böyük layihə həyata keçdi və bizi vərəqə şüşələrin idxalından azad edəcək. Bu, o deməkdir ki, valyuta qalacaq ölkəmizdə, yerli istehsal canlanacaq, iş yeri yaradılacaq və iqtisadiyyatımızın şaxələndirilməsi təmin ediləcək».
Xatırladaq ki, hazırda Azərbaycanda vərəqə şüşələrə olan tələbat tamamilə idxal hesabına təmin edilir. Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. Hazırda dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək keyfiyyətli rəngli və rəngsiz (şəffaf), optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq «Azərfloat»ın yeni zavodunun işə düşməsi ilə Azərbaycanda da bu sahədə ən müasir texnologiya tətbiq olunur.
Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisə Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik «HORN Glass Industries AG» şirkəti tərəfindən layihələndirilib və qabaqcıl texnologiyalarla təchiz edilib. Burada İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.
Azərbaycanda yenicə təməli qoyulan və gələcəkdə fəaliyyətə başlayacaq daha bir şüşə zavodu şüşə tara (butulka) istehsal edəcək.
Həmin zavodu Sumqayıt Kimya Sənaye Parkının rezidentləri «Glassica» QSC tikir. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.
Açıqlanan məlumatlardan aydın olur ki, yeni zavod daxili tələbatı ödəməklə yanaşı, xaricə də məhsul ixrac etmək gücündə olacaq.
Belə ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda isə 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur.