Prezident ilham Əliyev Azərbaycanda ayrı-ayrı sahələrdə aparılan islahatlar barədə fikirlərini bölüşüb və məmurlara xəbərdarlıq edib.
FED.az xəbər verir ki, bu gün, yanvarın 18-də Sumqayıtda səfərdə olan və Sumqayıt Kimya Sənaye Parkında sənaye müəssisələrinin açılışında iştirak edən dövlət başçısı bəzi sahələrdə olan problemləri açıqlayıb.
Eləcə də bax: Azərbaycanda «təmiz» işləyən nazir nə qədər maaş almalıdır ... - FED.az
Prezident bildirib ki, bəzi sahələrdə nəzarətsizlik üzündən ciddi problemlər var. Bunlardan biri torpaqların zəbt edilməsi və ədalətsiz bölünməsidir: «Əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür».
Bundan başqa, prezident su resurslarının (suvarma üçün – FED,az) düzgün bölünmədiyini bildirib: «O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır».
Prezident belə halların aradan qaldırılması üçün «təmizləmə» prosesinin davam edəcəyini bildirib: «Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək».
Dövlət başçısı məmurlara işarə edərək bildirib ki, onların arasında heç kimin xüsusi imtiyazı yoxdur: «Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin».