Əsas məqsəd KOB-ların iqtisadiyyatda rolunun artırılması, onların iştirakı ilə daha çox əlavə dəyərin yaradılması, KOB-ların məşğulluqda və ixracda payının daha da yüksəlməsinə nail olmaqdır.
Eləcə də bax: KOBİA “Şərq Bazarı”nda mağazalar - İCARƏYƏ GÖTÜRÜB
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, müasir dövrün çağırışlarına uyğun olaraq sahibkarlıq sahəsində yeni təşkilati modellərin yaradılması və sahibkarlığın təşviqi Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir: "Ötən dövrlərdə biznes mühitinin inkişafı və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətində yaradılmış təşviq mexanizmləri KOBİA tərəfindən uğurla həyata keçirilməkdədir. KOBİA startap, mikro, kiçik və orta sahibkarlıq üzrə biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynamaqdadır".
O. Məmmədov deyib ki, startap şəhadətnaməsi, daxili bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, sahibkarların bilik və bacarıqlarının inkişafı, ticarət şəbəkələrinə çıxış, sərgi və digər dəstək alətləri sahibkarlar arasında böyük maraq yaratmaqla, mikro, kiçik və orta sahibkarlığın inkişafını daha da sürətləndirib: “Əlbəttə ki, sadalananlar KOBİA tərəfindən təmin edilən dəstək və xidmətlərin bir hissəsini təşkil edir. Bu gün şəhərimizdə bu qəbildən tədbirlərin davamı olaraq, iştirak etdiyimiz “Partners & Business” sərgi konfransı təşkil olunub. Sərginin təşkilində əsas məqsəd ölkədə fəaliyyət göstərən biznes subyektlərinin tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Marsol şirkəti sahibkarlar arasında əməkdaşlıq əlaqələrin yaradılması, “B2B” görüşlərin həyata keçirilməsi, konfrans və sərgilərin təşkilində sahibkarlara daim dəstək göstərir. Belə ki, KOBİA-nın dəstəyi və “Marsol” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən bugünki tədbirdə 200-ə yaxın şirkət iştirak edir və istehsal etdikləri məhsulları və göstərdiyi xidmətləri sərgiləyir".
O vurğulayıb ki, KOBİA-nın sərgilərdə iştiraka dəstək proqramı çərçivəsində bu tədbirdə də Agentliyin geniş stendi yaradılıb: “Sözügedən stendə sənaye, qida, inşaat və digər sahələrdə məhsullar istehsal edən və xidmətlər göstərən 16 KOB subyekti iştirakı dəstəklənir. Ümidvaram ki, bu gün təşkil olunan tədbirdən həm sahibkarlar, həm də ziyarətçilər məmnun qalacaqdır. Qazanılacaq təcrübə isə biznes subyektlərinin fəaliyyətlərini təkmilləşdirməsinə və genişləndirməsinə xidmət edəcəkdir.Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrində fəaliyyət göstərən biznes subyektləri arasında bu tədbir vasitəsilə geniş əlaqələr qurulacaq və inkişafa doğru daha da ciddi addımlar atılacaq". (Report)