İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın bərpa və yenidənqurmadan sonra açılışını etdiyi “Şərq Bazarı” kompleksində KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində mikro və kiçik sahibkarların məhsullarının satıldığı mağaza da fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, mağazada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dəstək çərçivəsində 10 mikro və kiçik sahibkarlıq subyektinin məhsullarının satışı həyata keçirilir. Burada qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri satılır.
Bu gün KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış sahibkarlarla görüşüb, bizneslərinin inkişafı və dəstək mexanizmi ilə bağlı fikir mübadiləsi aparıblar. Sahibkarlar dövlət dəstəyi üçün təşəkkür ediblər.
Eləcə də bax: Bakıda məşhur ticarət mərkəzi fəaliyyətə başladı - İLHAM ƏLİYEV İŞTİRAK ETDİ - FOTOLAR
Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi çərçivəsində Bakının digər ticarət obyektlərində də bu cür satış yerlərinin təşkili nəzərdə tutulur və hazırda bu sahədə sahibkarlardan daxil olan müraciətlər dəyərləndirilir.
Qeyd edək ki, KOBİA-nın satışa və bazarlara çıxışa dəstək mexanizmlərindən yararlanmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri elektron qaydada KOBİA-ya müraciət edə bilərlər.