Caspian Energy Club-un İqtisadiyyat Nazirliyi, KOBİA və Dövlət Vergi Xidməti ilə birgə təşkil etdiyi ənənəvi Online B2G Forum çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.
Eləcə də bax: “Caspian European Club”da növbəti Online Round Table keçirilib
Bu barədə FED.az-a Caspian Energy-nin sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “COVID-19” pandemiyasının milli iqtisadiyyata, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaq üçün görülən tədbirlər, iqtisadiyyata geniş dəstək paketi, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən sənədlərin qəbul edildiyini bildirib. Dəstək tədbirlərinin davam etdiriləcəyini bildirən nazir müavini postpandemiya dövründə prioritet sektorları açıqlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov pandemiyadan zərər çəkmiş sahibkarlara, xüsusilə də mikro və kiçik sahibkarlara göstərilən dövlət dəstəyi, bu istiqamətdə KOBİA-nın gördüyü işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. O bildirib ki, hazırkı şəraitdə sahibkarlar biznes fəaliyyətini yaranmış şəraitə uyğunlaşdırmalıdırlar.
Daha sonra Niyazi Səfərov və Natiq Həsənov Caspian Energy Club-un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb, onların təkliflərini dinləyib.
Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Niyazi Səfərova və Natiq Həsənova minnətdarlığını bildirib.
Telman Əliyev pandemiyanın başladığı ilk günlərdən etibarən Caspian Energy Club-un üzv şirkətlərinə operativ reaksiya və dəstək göstərdikləri, demək olar ki, gündəlik formatda şirkətlərlə onlayn rejimdə ünsiyyət qurduğu üçün KOBİA rəhbərliyinə təşəkkür edib.
Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour və digər müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar keçirilir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.