Naxçıvanda sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyi daha da artırılacaq ki, bu da investorların cəlbinə münbit şərait yaradacaq.
Naxçıvan iqtisadiyyatının vəziyyəti – MR VƏ RAYONLARI NƏ QƏDƏR İNKİŞAF EDİB
FED.az xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun inkanlarından istifadə edilir. Fondun əsas fəaliyyət istiqaməti muxtar respublikada sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin ödənilməsini təmin etmək, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Aygün Quliyeva bildirib ki, 2022-ci ildə fondun investisiya xərclərinin cəmi 141 layihə üzrə 7 milyon 184 min 600 manat təşkil edib ki, bu vəsaitin 7 milyon 174 min 600 manatı 140 yeni layihənin maliyələşdirilməsinə yönəldilib. Bundan sənaye yönümlü 20 layihənin maliyələşdirilməsinə 4 milyon 993 min manat, xidmət sahəsi yönümlü 6 layihənin maliyələşdirilməsinə 296 min manat, kənd təsərrüfatı yönümlü 115 layihənin maliyələşdirilməsinə 1 milyon 895 min 600 manat həcmində güzəştli kredit vəsaiti ayrılmışdır.
Qeyd edək ki, fond tərəfindən yeni ailə təsərrüfatlarının yaradılmasına dəstək, onların fəaliyyətinin stimullaşdırılması və istehsal sahələrinin genişləndirilməsi məqsədilə daha geniş imkanlar yaradılacaq. Bu da muxtar respublikaya sahibkarların daha çox maraq göstərməsinə, investorların cəlbinə geniş şərait yaradacaq.
Ötən il fond tərəfindən 96 ailə təsərrüfatına 1 milyon 441 min 100 manat maliyyə dəstəyi göstərilib. Bu dövrdə sahibkarlara 7 milyon 184 min 600 manat güzəştli kredit verilib. İl ərzində verilmiş kreditlərin iqtisadi səmərəliliyi araşdırılıb, monitorinqlər keçirilib, kreditlərin ödəmə müddətləri və vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılır. Bu ildən isə iqtisadiyyatın şaxələndirilməsi məqsədilə daha geniş kapitalın ayrılması planlaşdırılır.