"Əmək və ya xidməti müqavilə olmadan işçi cəlb edən işəgötürənlərdən 90-na inzibati cərimə və maliyyə sanksiyası tətbiq edilib".
FED.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin səyyar monitorinqlərinin 2 illiyinə həsr olunan mətbuat konfransında Mərkəzin müdir müavini Murad Fətullayev bildirib.
Eləcə də bax: Tikintidə 1185 nəfərin müqavilə olmadan işə cəlb edildiyi - AŞKAR EDİLİB
Onun sözlərinə görə, 4 işəgötürən üzrə isə əməldə cinayət tərkibinin olması müəyyən edilib:
"Onlarla bağlı cəza və cərimə tədbirləri həyata keçirilib. Qeydə alınan pozuntu halları üzrə ümumilikdə 1,5 milyon manat məbləğində cərimə və sanksiya tətbuq edilib".
M.Fətullayevin dediyinə görə, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən iki il ərzində monitorinqi aparılan 300 işəgötürəndən 159-da (53%) pozuntu halları aşkar edilib. Onlardan 119 (40%) işəgötürən barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 40 (13%) işəgötürən barədə isə Baş Prokurorluğa göndərilib.
Mərkəzin müdir müavini onu da deyib ki, ümumilikdə 2 il ərzində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 300-ə yaxın tikinti obyektində işçi və işəgötürənlərlə maarifləndirmə xarakterli görüşlər keçirilərək qeyri-formal məşğulluğu doğuran səbəblər müzakirə edilib, həlli yolları təklif olunub və metodik tövsiyələr verilib.
Apa