“Made in Uzbekistan Textile” onlayn biznes forumunun açılışı olub.
Eləcə də bax: Azərbaycan-Özbəkistan tekstil forumu keçiriləcək - TARİX
FED.az xəbər verir ki, “Caspian Event Organisers” (“CEO”) şirkətindən bildirilib ki, biznes forumda Özbəkistanın Xarici İşlər nazirinin müavini İlxomjon Nematov, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov, Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi İlqar İbrahimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyəti sədrinin müavini Tamerlan Vahabov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İnvestisiyaların Təşviqi departamentinin rəhbəri Zöhrab Qədirov, “Uztekstilprom” Assosiasiyasının sədr müavini Casur Rustambekov, Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyinin marketinq şöbəsinin rəhbəri Murad Raximov, “Bakı Tekstil Fabriki” MMC-nin direktoru, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva iştirak ediblər.
Özbəkistanın Xarici İşlər nazirinin müavini İlxomjon Nematov qeyd edib ki, son zamanlar bu cür tədbirlərin keçirilməsi Özbəkistan və Azərbaycan arasındakı münasibətlərdə bir növ ənənəyə çevrilib və ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verir. Əminik ki, forum qarşısına qoyulmuş tapşırıqların öhdəsindən uğurla gələcək, tekstil məhsulları istehsal edən özbək istehsalçılarına yeni distribüter tapmağa, tərəfdaş şəbəkəsini genişləndirməyə və Azərbaycan şirkətləri ilə birgə müəssisələr yaratmağa imkan yaradacaq.
Səfir Bahrom Aşrafxanov deyib: “Özbəkistan Azərbaycan bazarını yüksək keyfiyyətli tekstil məhsulları ilə təmin etməyə hazırdır. Əminəm ki, bugünkü tədbir bu sənayedə işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək”.
“Uztekstilprom” Assosiasiyasının sədr müavini Casur Rustambekov bildirib ki, Özbəkistan və Azərbaycan arasında tekstil sahəsində ikitərəfli münasibətlər dövlətlərarası müqavilələr əsasında qurulur. Bundan əlavə, iki ölkə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün praktiki fəaliyyət planı və yol xəritəsi mövcuddur. Bütün bunlar birbaşa müqavilə və müqavilələrin bağlanması üçün əsas verir.
“Made in Uzbekistan Textile” onlayn biznes forumu ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, tekstil sənayesində ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar təqdim edir. Əminəm ki, forum ölkələrimiz arasında işgüzar münasibətlərin inkişafına, KOB-lar arasında əməkdaşlığın genişlənməsinə təkan verəcək”, - deyə KOBİA-nın idarə heyəti sədrinin müavini Tamerlan Vahabov diqqətə çatdırıb.
AZPROMO-nun departament rəhbəri Zöhrab Qədirov forum iştirakçılarına uğurlar arzu edib və təmsil etdiyi qurumun həm investisiya, həm də ixrac sahəsində Özbəkistandan olan həmkarları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Ümid edirik ki, bu, gələcək iqtisadi əlaqələrin inkişafına stimul verəcək”.
Biznes forum öz işinə avqustun 26-27-də baş tutacaq intensiv ikitərəfli görüşlərlə davam edəcək. İşgüzar görüşlər çərçivəsində Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, tibbi maskalar, aksesuarlar, boyalar, xüsusi geyimlər və digər məhsulların istehsal və ixracı ilə məşğul olan 30-a yaxın şirkət iştirak edir. Özbəkistan şirkətləri arasında “Uztex Group”, “Urganch Baxmal” MMC, “Alliance Textile”, “Oqsaroy Textile”, “Khantex-Group”, “Textile Fashion” MMC, “Imron Textile Group”, “Nil Granit” MMC və sair kimi şirkətlər yer alır.
Forumda iştirak edən özbək istehsalçılarının tam siyahısı ilə linkdən keçərək tanış olmaq mümkündür:
https://b2b-uz-textile.ceo.az/welcome-az.
Qeyd edək ki, “Made in Uzbekistan Textile” Online B2B-nin təşkilatçıları qismində Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birlikdə Özbəkistanın “Uztekstilprom” tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası çıxış edirlər. Tədbirə KOBİA və AZPROMO dəstək göstərirlər. Təşkilati dəstəyi isə “Caspian Event Organisers” şirkəti təmin edir.