25-27 avqust 2020-ci il tarixlərində Azərbaycan və Özbəkistanın işgüzar şəxsləri üçün "Made in Uzbekistan Textile" tekstil sənayesi üzrə biznes forumu keçiriləcək.
FED.az xəbər verir ki, “Forum onlayn rejimində keçiriləcək. B2B forumunda Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, tibbi maskalar, aksesuarlar, boyalar, xüsusi geyimlər, habelə hər ölçüdə və növdə parça boyama xidmətləri və digər məhsul və xidmətlərlə məşğul olan 28 aparıcı şirkət iştirak edəcək”, - tədbirin təşkilatçısı olan Caspian Event Organisers şirkətinin məlumatında deyilir.
Onlayn forumda iştirak etmək üçün Azərbaycan şirkətləri, tekstil distribüterləri, tikiş müəssisələrinin mütəxəssisləri, pərakəndə ticarət şəbəkələrinin nümayəndələri və investorlar dəvət olunurlar.
“Bu tədbir Özbəkistan və Azərbaycan sahibkarları üçün pandemiya şəraitində təşkil etdiyimiz ikinci onlayn forumdur. Bu dəfə biz diqqətimizi Özbəkistan iqtisadiyyatının ən perspektivli və inkişaf etmiş sahələrindən birinə - tekstil və tekstil məhsullarının istehsalı və ixracına yönəltmişik. Özbəkistan yüksək keyfiyyətli tekstil məhsullarını Azərbaycan bazarına təqdim etməyə hazırdır. Əminəm ki, onlayn forum ölkələrimiz arasında işgüzar əlaqələrin inkişafına əlavə təkan verəcək və tekstil sənayesində ticarətin artmasına kömək edəcək”, - məlumatda Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovun sözlərindən sitat gətirilir.